Ucar Rayon İcra Hakimiyyəti yüksək balla ali məktəblərə qəbul olunmuş abituriyentlərə verilən ucuz hədiyyələrlə bağlı tənqidləri cavablandılrıb.
İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə tənqid olunan hədiyyələri abituriyentlər üçün onlar almayıb.
“Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun həmkarlar təşkilatı tərəfindən alınmış xatirə hədiyyələri təqdim edilib”, - İcra Hakimiyyətinin məsul şəxsi bildirib.
Xatırladaq ki, ötən həftə Ucarda bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
İcra başçısı Mənsur Məmmədovun da iştirak etdiyi tədbirdə 7 nəfər 600-dən yuxarı bal toplamış abituriyentə qiyməti isə 5 manat 80 qəpik olan hədiyyə bağışlanıb.
Nəticədə sosial şəbəkələrdə yüksək bal toplayan tələbələrə 6 manatlıq saat kimi ucuz hədiyyələr verilməsi istehzaya səbəb olub.