Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitindən danışıb.