Keçmiş baş nazir Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyasının (AXP) Ədliyyə Nazirliyində qeydiyyata alınması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə açılan bəzi müzakirələrə qoşulanlar AXP-nin 5 min üzvünün olduğuna inanmadıqlarını qeyd ediblər. Bir çoxları isə Azərbaycan Xalq Cəbhəsi və Müsavat kimi oturuşmuş partiyaların qeydiyyatından imtina edən Ədliyyə Nazirliyinin AXP kimi xırda təşkilata “yaşıl işıq yandırması"na istehza ediblər.
Müsavat Partiyasının tanınmış üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublunun da AXP-nin 5 min üzvünün olmasına şübhə ilə yanaşması və istehza etməsi sosial şəbəkələrdə müzakirələri daha da qızışdırıb.
Belə müzakirələrdən hiddətlənən Pənah Hüseyn isə onlara cavab verməyə məcbur olub.
“Dostlar mənə bildirdilər ki, "Azərbaycan Xalq Partiyası qeydiyyata alındı" informasiyası KİV- də yayıldıqdan sonra hörmətli Yadigar Sadıqlı adlı sosial şəbəkə istifadəçisi “Pənah Hüseynin partiyasında 5000 üzv varmış” deyə şübhəsini bildirib və hörmətli Tofiq Yaqublu da onun statusuna bəyənmə işarəsi ilə qoşulub. Daha sonra məlum Rəhim Qazıyev də “Azerfridom”da gedən verlişdə rəy bölməsində oxşar şərh yazıb. Mənim üçün də maraqlıdır. Hər üçünü və marağı olan digərləri də varsa Şəfaət Mehdiyev 177 -ünvanına - AXP ofisinə dəvət edirəm, gəlib şəxsən yoxlasınlar. Hər cür şərait yaradılacaq”, - Pənah Hüseyn AXP-yə istehza edənlərə meydan oxuyub.