Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağda bələdiyyə torpaqları necə müəyyən ediləcək... - Seçkilər keçirilməlidir



İşğaldan azad edilmiş torpaqlarıma Böyük Qayıdışla əlaqədar işlər sürətlə davam etməkdədir. Artıq keçmiş məcburi köçkünlər Füzuli, Laçın kimi rayonlarımıza qayıdır. Onlarla ailənin doğma yurduna qayıdışı təmin edilib.

 Azad edilən ərazilərdə hələlik bələdiyyələr formalaşdırılmayıb. Azərbaycanda daha əvvəl keçirilən parlament və prezident seçkilərində keçmiş məcburi köçkünlər iştirak etsələr də, onlar bələdiyyə seçə bilmirdilər. Bələdiyyə seçkilərində Azərbaycanda formalaşdırılmış 125 seçki dairəsindən 118-i iştirak edirdi.

 Azərbaycanda sonuncu dəfə bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib, növbəti seçkilər 2024-cü ildə keçirilməlidir. Azad edilən ərazilərdə bələdiyyə seçkilərinin keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Bu bölgələrdə bələdiyyə torpaqları da hələlik tam müəyyənləşməyib. Prosesin necə həyata keçiriləcəyi məlum deyil.

 Məsələ ilə bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkilərinin keçirilmə tarixini söyləmək çox çətindir.

 "Çünki bu, imkan, eyni zamanda mövcud şəraitlə əlaqəli məsələdir. Əksər vətəndaşlar həmin ərazilərə köçürülməli, burada əhalinin yaşayışı təmin olunmalıdır. Bundan sonra qanunvericiliyə uyğun olaraq seçkilər keçirilməlidir. Bələdiyyə seçkiləri əhalinin özünün razılığı, onların təşəbbüsü ilə hər yaşayış məntəqəsində əhalinin sayına uyğun olaraq keçirilə bilər. Bu mövcud qanunlara uyğun həyata keçiriləcək. Həmin ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olacaq".

Tahir Rzayev bələdiyyə torpaqlarının necə müəyyənləşdiriləcəyini də izah edib:

 

"Bələdiyyə torpaqlarının müəyyən olunması da qanunvericiliyə uyğun aparılmalıdır. Yəni torpaqların müəyyənləşdirilməsi ərazinin sahəsindən, əhalinin sayından asılıdır. Bu normalara uyğun orada bələdiyyə torpaqları müəyyən edilməlidir. Elə rayon var ki, onun ərazisi böyükdür. Sözsüz ki, orada bələdiyyə torpaqları daha geniş və əhatəli olmalıdır. Məsələn Kəlbəcər ölkəmizin ən böyük ərazisinə malik olan rayonumuzdur. Şübhəsiz həmin rayonun öhdəliyinə veriləcək torpaqlar geniş olmalıdır. İstər bələdiyyə torpaqları,istərsə də dövlət mülkiyyətdə olan torpaqlar qanunvericiliyə uyğun təmin edilir".

 

Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər qarar sahə üçün olduqca vacibdir:

 

"Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər gedir. Çox sevindirici haldır ki, artıq Zəngilanın, Füzulinin, Laçının əhalisi həmin yerlərə köçürülür. Artıq oralarda həyat canlanır. İnsanlar qurub yaradırlar. Ölkə başçısının  göstəriş və tapşırıqları əsasında işlər sürətlənib. Dəfələrlə cənab Prezident deyib ki, işğaldan azad olunmuş ərazilər ən gözəl, yaraşıqlı ərazilərə çevriləcək. Həmin torpaqlar əkin və aqrar sektorun inkişafı üçün yaxşı potensiala malikdir. Həmin ərazilər turizmin inkişafı, ərzaq təhlükəsizliyi, insanların işlə təmin edilməsi üçün çox önəmlidir. Quruculuq işlərinin belə sürətlə getməsi, əhalinin həmin ərazilərə köçürülməsi gələcəkdə həmin ərazilərdə hər kəsin şən və xoşbəxt yaşamasını təmin edəcək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də