İnzibati həbs müddəti başa çatmış 3 nəfər erməni əsilli futbolçu azadlığa buraxılıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.
Azad olunan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.