Avqustun 29-da ötən il keçid balını toplaya bilməyən ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda iştirak edən 1939 müəllimdən 1334 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsinə keçib. 605 nəfər isə müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Eyni zamanda, 138 müəllim də sertifikatlaşdırma imtahanına gəlməyib.
Beləliklə də 743 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
Nəticədə "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, 743 müəllimin əmək müqaviləsinə xitam verilib.
743 nəfər ibtidai sinif müəlliminin işdən çıxarılması sosial şəbəkələrdə və mediada müxtəlif müzakirələrə səbəb olub. Müzakirə yaradan mövzulardan biri isə bu müəllimlərin əksəriyyətinin 1998 – 2013-ci illərdə təhsil naziri olmuş Misir Mərdənovun fəaliyyəti ilə əlaqələndirirlər. Qeyd olunur ki, təkrar sertifikatlaşdırmadan keçə bilməyən və savadlılıq dərəcəsi həddindən artıq aşağı olan həmin məüllimlər Misir Mərdənovun dövründə rüşvətlə işə götürülüblər.
Bu iddialarla bağlı keçmiş təhsil naziri Misir Mərdanovla əlaqə saxlayaraq, onun məsələyə münasibətini öyrənib:
“Sertifikatlaşdırma təhsildə yeni bir şeydir. Bizim vaxtımızda bu istiqamətdə tədbir görülmürdü. Mən bu proses haqqında nəsə deyə bilmərəm. Ancaq hər halda müvafiq bilik və bacarığı olan müəllimlərin işləməsi vacibdir”.
“Mən 11 ildir ki, nazir vəzifəsindən getmişəm. O zaman məktəblərə müəllimlərin işə qəbulu ali məktəbləri bitirənlərin təyinatı ilə də gerçəkləşirdi. Biz məktəbə müəllim qəbul edəndə onun bilik və bacarığını yoxlamırdıq. Hesab edirdik ki, əgər bu müəllim məsələn, Azərbaycan Dillər Universitetini, Bakı Dövlət Universitetini bitiribsə, ona diplom verilibsə, hansısa məktəbdə boş yer varsa, niyə orada işləməsin?”.