Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin dislokasiya yerini dəyişməsini əks etdirən videomateriallar yaymağa davam edir. Erməni tərəfində isterika var, işğalçı tərəf Azərbaycan Ordusunun hərbi əməliyyatlara başlayacağından qrxur.
Qeyd edək ki, sözügedən videolar Ermənistan KİV-lərinə Xankəndidəki qonarma rejim tərəfindən ötürülüb. Separatçılar hay-həşir salıblar ki, Azərbaycan tərəfi müharibəyə hazırlaşır.
Bəs düşmən həmin videoları hardan əldə edib?
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, separatçılar ordumuzun hərəkət istiqaməti ilə bağlı yaydığı videogörüntülərlə Bakının “eskalasiyaya hazırlaşdığı”nı isbatlamaq, özlərinin silahlanması, yeni atəş mövqeləri hazırlaması ilə bağlı faktları arxa plana keçirmək istəyirlər:
“Halbuki Azərbaycan Ordusunun suveren ərazilərimizdə istənilən istiqamətdə hərəkət etmək hüququ bu cəhdin heç nəyə yaramayacağını deməyə əsas verir.
Lakin separatçıların belə bir görüntü yayması ordumuzu izləmək üçün texniki imkanlara sahib olduqlarını da ortaya çıxarır. 2017-ci ildə Ermənistan mediasında Qarabağa ABŞ istehsalı olan izləmə sistemlərinin yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Məlumatlara görə, bu sistemlər ABŞ-dan Ermənistan ordusunun istifadəsi üçün alınıb, lakin Qarabağda keçmiş “təmas xətti”nə yerləşdirilib. 10 funksiyanı eyni vaxtda yerinə yetirən sistemlər 24 saat ərzində işləyir, izləmə traektoriyasındakı bütün hərəkətlər haqda informasiya toplaya bilir. Bu məlumat rəsmi təsdiqini tapmasa da, erməni diasporu/lobbisinin güclü olduğu ABŞ-dan belə bir sistem əldə etdikləri istisna deyil. Mümkündür ki, bu sistemlər hələ də separatçıların əlində qalıb və izləmə prosesi onlar vasitəsilə aparılır”.
Ekspert deyib ki, separatçılar bu görüntülərlə “Azərbaycan ordusunun hərəkətlərini nəzarətdə saxladıqları”nı da göstərmək istəyirlər:
“Bu isə Bakıya qarşı müharibə elanı kimi də qəbul edilə bilər. Çünki bu görüntülər suveren ərazilərimizdə ordumuza qarşı təhdidin nə qədər real olduğunun da isbatıdır”.