Mərkəzi Bank tərəfindən SOCAR-a məxsus 100 milyon ABŞ dolları məbləğində istiqrazların emissiya prospekti təqdim edilib.
İstiqrazlar 2021-ci il ərzində yerləşdiriləcək.
Belə ki, hər birinin nominal dəyəri 1 000 (bir min) ABŞ dolları olan 100 000 (bir yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların emissiya prospekti təqdim edilib.
İstiqrazların sahibi istiqrazın nominal dəyərindən illik 4,5 faiz olmaqla tədavül müddəti bitənə qədər faiz almaq hüququna malikdir. İstiqrazların əsas məbləğinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) il təşkil edir.
İstiqrazlar üzrə faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir olmaqla 5 il müddətinə ödəniləcək. Əgər faiz ödənişinin tarixi qeyri-iş gününə təsadüf edərsə növbəti ilk iş günü ödəniş baş tutacaq. İstiqrazların nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə ödəniləcək.
İstiqrazların tədavül müddəti ərzində, hər kupon ödənişi dövründə, kupon ödənişi gününə istiqraz mülkiyyətçilərinin sahib olduqları istiqrazların nominal dəyərinin 1,125 faizi qədərində hesablanmış faiz istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Hər bir istiqraz üzrə 11,25 ABŞ dolları olmaqla ümumilikdə, 20 dəfə faiz ödənişi olacaq.
İstiqrazların geri satın alınma şərtlərinə gəldikdə isə onların emitent tərəfindən geri satın alınması nəzərdə tutulmur.
SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçiriləcək. İstiqrazların listinqə daxil olması ilə bağlı müraciət Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılış dövlət qeydiyyatına alındıqdan sonra ediləcək.
Emissiya prospekti maliyyə bazarlarına nəzarət orqanı Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra, abunə yazılışının başlanması 11 ay ərzində, abunə yazılışının isə 15 iş günü ərzində həyata keçiriləcək. Abunə yazılışı başa çatdıqdan sonra istiqrazların yerləşdirilməsinə 5 iş günü ərzində başlanılacaq və istiqrazların yerləşdirilməsi başlandığı tarixdən etibarən 7 iş günü ərzində həyata keçiriləcək. Ümumi kağızların yerləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən tamamlanacaq. Abunə yazılışının başlanması və bitmə tarixləri, habelə istiqrazların yerləşdirilməsi tarixləri ictimaiyyətə SOCAR və BFB-nın rəsmi saytları, eləcə də KİV-lər vasitəsilə açıqlanacaq.