Aktual
Yeni tədris ilinin başlamasına olduqca az müddət qalmış tələbələr arasında ən çox müzakirə olunan mövzu Bakı şəhərində kirayə qiymətləridir. Tələbələrin Bakıya gəlməyə hazırlaşdığı bir vaxtda kirayə qiymətlərində artım müşahidə edilir. Bu artımın səbəbləri "tələb-təklif" qanunu çərçivəsində təbii olsa da, süni şəkildə qiymətləri artıranlar da az deyil...
Modern.az daşınmaz əmlak saytları əsasında Bakı şəhərində kirayə qiymətləri ilə bağlı araşdırma aparıb.
Ümumilikdə həm köhnə, həm də yeni tikililərdəki kirayə mənzil qiymətlərində artım olduğu müşahidə edilir. Univeristetlərə və metrostansiyalara yaxın ərazilərdə yerləşən binalarda isə daha yüksək qiymətə təklif olunur. Xüsusilə Yasamal, Səbail, Nəsimi və Nərimanov rayonlarındakı kirayə mənzillərda bahalaşma var.
Qiymət artımı, demək olar ki, bütün mənzillərdə müşahidə edilir. Əvvəlki illərdə köhnə tikili binalarda bir otaqlı mənzili 300-350 manata kirayələmək mümkün olurdusa, hazırda 400 manatdan aşağı kirayə tapmaq müşkül məsələyə çevrilib. Yeni tikililərdə isə bir otaqlı mənzillə 500 manat ətrafındadır. 2 və 3 otaqlı mənzillərdə də qiymətlər artan xətlə irəliləyir.
Tələbələrin ən çox istifadə etdiyi Elmlər Akademiyası metrostansiyası yaxınlığında mənzillər olduqca bahadır. 2-3 otaqlı mənzillə 600 manatdan yuxarı təklif edilir. Həmin əraziyə yaxın İnşaatçılar metrostansiyası ətrafında da vəziyyət eynidir.
Müşahidəçilər deyir ki, tələbələr münasib qiymətə kirayə tapmadığı üçün Bakıdan kənar ərazilərə üz tuturlar. Bu da onlar üçün əlavə yol xərcləri və vaxt itkisi problemləri yaradır. Şəhərin mərkəzinə hissəsinə yaxın ərazilərdəki nisbətən ucuz mənzillər isə olduqca baxımsız və səliqəsiz olur.
Mövsümi olaraq avqust və sentyabr ayının ilk on günlüyündə kirayə qiymətlərində artım tələbata uyğun olaraq təbii hesab edilsə də, bəziləri bundan istifadə edərək evi bazar qiymətlərindən bir neçə dəfə baha qiymətə təklif edir. Ekspertlər qiymət artımının oktyabrın sonlarınadək davam edəcəyəini düşünür.
Modern Təhlil və Araşdırma Qrupu