Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Cahangir Əsgərov digər hava yolları ilə müqayisədə AZAL-ın bilet qiymətlərinin olduqca baha olması barədə şikayətlərin artması fonunda işdən çıxarılır. Prezidentin sərəncamı ilə onun yerinə müvəqqəti olaraq QSC-nin birinci vitse-prezidenti Samir Rzayev gətirilib.
Bu yenilik AZAL-ın qiymətlərində yarana biləcək dəyişiklikləri gündəmə gətirir. Vətəndaşlarda sual yaradan məsələ isə bu dəyişikliyin qiymətlərə təsir edib-etməyəcəyidir.
Milli Məclisin deputatı Rüfət Quliyev açıqlmasında AZAL-da yeniliklər gözlədiyini bildirib.
“İstənilən addım düşünülmüş addımdır. Mənə elə gəlir ki, bu addımla AZAL-ın siyasətində böyük dəyişikliklər olacaq. İlk orada problem var idi ki, AZAL monopolist idi. İstər aeroportlar, onlara qulluq edən infrastrukturlar, bütün bağlı təşkilatlar bir yerdə idi. Hətta Azərbaycanın “loukoster“ni açanda onun da AZAL-dan asılılığı var idi. Xidmətdə, biletlərin qiymətlərində böyük dəyişiklər gözlənilir.
Vətəndaşlarla görüşümüz zamanı istirahətə, oxumağa, xəstəxanlara gedən adamlar qiymətlərin baha olmasından şikayətlənirdilər. Məsələn Gürcüstan qiymətləri ilə müqayisə edəndə fərqlər var. Ümid edirəm böyük dəyişikliklər olacaq. Hökumət bunu tədricən, mərhələli edir. Bu ilin sonuna qədər insanlar üçün müsbət dəyişiklər olacaq”.
O qeyd edib ki, Azərbaycan regionlarında beynəlxalq standartlara uyğun aeroportlar var.
"Əgər AZAL işlədə bilmirsə, tender keçirib onları icarəyə vermək lazımdır. Bütün dünyada hava limanlarının 55%-i icarədədir. Mənə elə gəlir, icarəyə verilərsə, regionlarda daha çox, yeni iş yerləri açılacaq, maaşlar artıq olacaq. Bu adi məsələdir, bir-birinə bağlıdır.
Nəzərdə tutmuşam, oktyabrda bu mövzunu təklif edim. İstənilən dövlət obyektini, böyük idman komplekslərini, hava limanlarını, dəniz limanlarını icarəyə vermək olar. Cənab prezident hər dəfə bildirir ki, dövlət strukturlarının obyektləri daha qazancverici, effektiv olmalıdır. Bu həm də sahibkarlıq üçün böyük addımdır”.- deputat bildirib.
Milli Məclisin deputatı Vahid Əhmədov isə AZAL-ın qiymət siyasəti barədə daha yeni addımlar atılmalı olduğunu diqqətə çatdırıb.
“Qiymətlər kifayət qədər bahadır, alternativliyə imkan yoxdur. Problemlər var. Hətta Naxçıvan biletlərinin qiymətləri yüksəkdir. Çox məsələlər qaldırılır. Hələlik təyin edilən əvəzedici kadr cavandır. İndi artıq idarəetmə strukturlarında cavanlaşma gedir.
Hesab edirəm AZAL-da böyük islahata ehtiyac var. Biletlərin qiyməti kifayət qədər yüksəkdir. Hətta qonşu Gürcüstan, Türkiyə ilə müqayisədə qiymətlər çox yüksəkdir. Qiymətləri normal səviyyəyə gətirmək lazımdır, əlçatanlıq olsun.
Mənə elə gəlir yeni rəhbərlik təyin olunduqdan sonra öz komandasını yığacaq. Mən deməzdim ki, qiymətlərin köhnə rəhbərliklə əlaqəsi var idi, fakt o idi ki, qiymətlər baha idi. Bunlar stabilləşməli, tariflərə baxılmalıdır”.