Azərbaycan Prezidentinin bu il iyul ayının 10-da imzaladığı sərəncamla polkovnik Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. Uzun illərdir Penitensiar xidmətin işindən narazılıq edənlər, cəzaçəkmə müəssiəslərindəki nöqsanlardan, korrupsiya və rüşvətxorluqdan danışanlar son təyinatı müsbət qarşılayıblar. Sosial şəbəkələrdə hətta müxalifyönlü şəxslər belə cəzaçəkmə müəssiələrindəki xoşagəlməz vəziyyətin dəyişməsindən bəhs etməyə başlayıblar.
Doğrudanmı, bu sahədə yeniliklər var?
Məsələ ilə bağlı danışan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Penitensiar xidmətin yeni rəisi kimi Mirsaleh Seyidovun seçilməsi uğurlu təyinatdır:
"Onun bütün fəaliyyəti Penitensiar xidmətdə olub. Bütün problem və prosesləri yaxşı bilir. 1998-ci ildən bu yana olan fəaliyyəti müddətində özünü yüksək səviyyəli peşəkar kimi təqdim edib. Həyatı boyu demək olar ki, məhkumlarla bir yerdə yaşayıb. Ona görə də, həm məhkum həyatını, həm də məhkumla necə davranmağı yaxşı bilir. Cəzaçəkmə siyasətinin həyata keçirilməsi, hansı istiqmətlərdə boşluqların olması ilə bağlı yetərli qədər məlumatı var. Belə bir misal var: 100 müsibətdənsə, bir yaşamaq yaxşıdır. Bu insan yaşayıb. Ona görə də, onun təyinatı Penitensiar xidmətin əməkdaşları, eləcə də məhkum və məhkumların yaxınları tərəfindən müsbət qarşılanıb. Bu çox vacib elementdir. Gələcəkdə baş verəcək islahatlar və fəaliyyətlər hər şeydən əvvəl inam və etibardan doğur. Ölkəmizin Prezidenti bu şəxsə böyük etimad göstərdi. Bu etibar da onun üzərinə böyük məsuliyyət qoyub".
Ə.Nuriyev vurğulayıb ki, Mirsaleh Seyidov təyinatının ilk dövründən ona göstərilən etibarı doğrultmaq üçün aramsız fəaliyyət yürüdür:
"Bunun konkret nümunələri vardır. İlk növbədə müəyyən problemlərin həllinə başlanıldı. Bu problemlər həm funksional, həm də qanunvericiliyin tətbiqi ilə bağlıdır. Bu gün cəzaçəkmə müəssisələrində ortalama 25 minə yaxın məhkum saxlanılır. Onları idarə etmək çox çətindir. Burada sadəcə olaraq, qanunların tətbiqinə ruh vermək lazımdır. Qanunların tətbiqi zamanı quruma etimadın olması məsələsi önəmlidir. Əvvəllər cəzaçəkmə müəssisələrində iğtişaş halları olub. Amma son 10 ildə bunun şahidi olmuruq. Çünki bu müddət ərzində Penitensiar xidmətdə rejim idarəsinin rəisi də Mirsaleh Seyidov olub. Bu da idarəetmənin qurulmasında mühüm həlqədir.
İnsanları narahat edən məsələlərdən biri də korrupsiya ilə bağlıdır. Ədliyyə Nazirliyi də bu məsələ ilə bağlı konkret tapşırıqlar qoymuşdu. Eyni zamanda Mirsaleh Seyidov bu proseslərlə bağlı yetərli qədər informasiyaya malikdir. Ona görə də onun ilk fəaliyyətlərindən biri də korrupsiya kanallarını bağlamaq oldu. "İmtiyazlı məhkumlar" daha yoxdur. Bu termin də artıq sıradan çıxmaqdadır. Belə məhkumlar digərlərindən fərqli şəkildə - üstün şəraitdə yaşayardılar. Amma artıq bütün cəzaçəkmə müəssisələrində bu hallar aradan qalxıb.
Məhkumların ailə üzvləri və ətraf mühitlə görüşü zamanı müəyyən neqativ hallar olurdu. Bu neqativ hallar aradan götürülüb. İstənilən məhkumun ailəsi ilə heç bir izafi xərclər olmadan rahat şəkildə görüşmək imkanı var. Bununla bağlı ən kiçik bir problem yaşanmır. Çünki nəzarət olduqca gücləndirilib. Ən kiçik problem yaradan şəxs dərhal cəzalandırılır, ən azından işindən olur.
Ətraf mühitlə əlaqənin vasitələrindən biri də telefondur. Məhkumlar rejim tiplərinə müvafiq olaraq həftədə iki dəfə 15 dəqiqə olmaqla ailə üzvləri ilə əlaqə saxlayırlar. Bu zaman o, eşidir ki, ailə üzvlərindən birinin səhhətində problem var. Amma bu, gərək növbəti görüşü gözləsin. Cəzaçəkmədə məhkumun telefondan istifadə etməsində növbələr var. Hamısına gərək növbə çatsın, hüquqları təmin olunsun. Bu baxımdan burada da müəyyən neqativ hallar yarana bilir. Çünki əlavə zəng əlavə xərc deməkdir. Cəzaçəkmə müəssisələrində telefon aparatları var. Bu halların qarşısını almaq üçün dünyada sözügedən alətdən istifadə olunur. Məsələnin texniki tərəfləri öyrənilib. Hər bir məhkuma kart veriləcək. Hər məhkumun kartında balansı olacaq. O həftədə yarım saat ərzində istənilən vaxt ailəsi ilə əlaqə saxlaya biləcək. Məhkum üçün bu əlaqə olduqca mühümdür".
İctimai Şura üzvü qeyd edib ki, vacib məsələlərdən biri də məhkumların məşğulluğu ilə bağlıdır:
"Hesab edirəm ki, Nazirlər Kabinetinin məşğulluğun artırılıması istiqamətində mühüm qərarına ehtiyac var. Bu qərar məhkumların əlavə, yeni peşələrə yiyələnməsinə, eyni zamanda bu prosesə özəl sektorun daxil olmasına şərait yaradacaq. Çünki dünyanın hər yerində cəzaçəkmə müəssisələri özəl sektorla fəal sürətdə əməkdaşlıq edir. Özəl sektorun cəzaçəkmə müəssisələrinə daxil olması üçün həm müəyyən institusional, həm prosedur imkanlar olmalıdır.
Eyni zamanda ən vacib məsələlərdən biri vergi güzəştləri ilə bağlıdır. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması prosesində iştirak edən müəssisələrə güzəşt olunacağı ilə bağlı Nazirlər Kabinetinin qərarı ola bilər. Bu isə özəl şirkətlərin cəzaçəkmə müəssisələrinə daxil olmasına stimul olacaq. Nəticədə həm də dövlətin cəzanı humanistləşdirmək, islah prosesini gücləndirmək, hər kəsin ləyaqətli həyat tərzinin təmin edilməsi ilə bağlı konstitusion hüquq və azadlıqlara dair başlıca məqsədini reallaşdırmaq kimi məsələlərini asanlaşdıracaq.
Özəl sektor burada iş yerləri açacaq. Bu isə məhkumların asudə vaxtının daha səmərəli keçməsinə səbəb olacaq. Məhkumlar həm yeni ixtisaslara yiyələnəcək, həm əmək haqqı alacaq, həm də ailəyə əlavə dəstək verəcəklər. Beləliklə, ailə ilə əlaqələr daha da möhkəmlənəcək. Çünki bəzən cəzaçəkmə müəssisələrində məhkumlarla ailə küsür. Ancaq məhkum işlədikdə, maaş qazandıqda ailənin də ona ehtiyacı yaranır. Bu həm də onu öz formasında saxalyacaq. İş yerləri məhkumların kriminal dünyagörüşə və cinayət mədəniyyətinə yiyələnməsinin qarşısını alacaqdır. Hansı özəl müəssisədə çalışırdısa, məhkum azadlığına qovuşduqda həmin müəssisədə çalışa biləcək. Müəssisə onun yaxşı işçi olduğunu görəcək və onu mülki həyatda da çalışdıracaq. Nədən başqasını axtarmalıdır? Bu isə cinayətkarlığın azalmasına gətirib çıxaracaq. Cinayətkarlığın azalması da rifahın artmasına səbəb olacaq. İnsanların daha təhlükəsiz şəraitdə yaşamasına səbəb olacaq.
Özəl müəssisəinin cəzaçəkmə müəssisələrinə daxil olması üçün vergi güzəştləri olmalıdır. Oradan çıxan məhsulların reklam edilməsi, satış məntəqələrinin təşkili lazımi addımlar ola bilər. Ərzaqla bağlı məsələ var idi. Bu gün məhz bu istiqamətdə iş aparılır. Məhkumların yeməkxanalara üz tutmasına gətirib çıxaran addımlar atılır. Bu həm də ailələri izafi xərclərdən xilas edir. Çünki bəzən ailələr bağlamalar, yeməklər gətirirdi. Məhkum bundan da azad olur. Deyir ki, "daha mənim buna ehtiyacım yoxdur". Yeməyə, yola xərclənən vəsaitlər ailənin digər məsələlərinə xərclənir. Bu da ailə ilə məhkumun əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarır. Sabah o, azadlığa çıxdıqda ailə onu qucaqlayır. Çünki ailəsinə məhkumluğu zamanı böyük əziyyət verməyib.
Cəzaçəkmə müəssisələrində bütün yeməkxanaların tam təmirinə başlanılıb. Bir qədər keçdikdə hər bir şəxsin öz porsu, ayrıca qabı olacaq. Eyni zamanda Ədliyyə Nazirliyinin hərbi hissəsində yeməkxana ilə bağlı məsələ yeni formata keçib. Sanitar qovşaqların, yataqxanalar, camaşırxanalarla bağlı məsələlərin tamamilə yenidən qururulması ilə bağlı proseslərə start verilib. Bu baxımdan islahatlar çox önəmlidir".
Ə.Nuriyev ötən həftə Mirsaleh Seyidovun rəhbərliyi ilə görüşün keçirildiyini söyləyib:
"Xüsusilə vətəndaş cəmiyyətləri ilə əlaqələrin dərinləşdirilməsi məsələsi müzakirə olundu. Beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, eyni zamanda məhkumların hüquqi baxımdan təmin edilməsi, monitorinqlərin davamlı aparılması və onun nəticələrinə uyğun qərarların verilməsi, mütəmadi olaraq görüşlərin keçirilməsi məsələlərinə toxunuldu. Biz cəzaçəkmə müəsissələrindəki məhkumlardan danışırıq. Amma burada personala münasibət məsələsi də var. Məhkumları idarə edənlər personallardır. Məhkumlarla birlikdə onlar da 101 əziyyətdən keçirlər. İş saatları çoxdur. Onların psixoloji yükü var. Həm məhkumun, həm də personalın çox böyük psixoloji dəstəyə ehtiyacı var. Burada personal daimi gərgin iş rejimində çalışır. Evə getdikdə bu, onun ailəsi ilə münasibətlərinə istər-istəməz təsir göstərir. Ona görə personalın psixoloji yükünü azaltmaq, həm də sosial müdafiəsini gücləndirəcək əmək haqqının artırılmasına ehtiyac var. Bu şəxslərin güzəştli evlərlə təmin edilməsi məsələsi var. Bu nədən olmasın? Çünki illərlə kirayədə minbir zülmlə yaşayanlar var. Belə şəxsləri tanıyıram. Əməkhaqlarının böyük bir hissəsi kirayəyə gedir. Bir sıra hüquq-mühafizə orqanlarının öz sanatoriyaları var. Bunların nədən olmasın? Penitensiar xidmətin əməkdaşlarının ailə üzvləri ilə təmasları yetərli qədər deyil. Çünki bunlar xüsusi və gərgin rejimdə çalışırlar.
Digər bir məsələ Penitensiar xidmətin geyim formasının sovetlərdən qalma hərbi forma olması ilə bağlıdır. Bunun da dəyişilməsinə ehtiyac var. Biz bütövlükdə totalitar rejimin bütün mirasından imtina etməliyik. Müstəqil dövlətik. Müstəqil dövlətin Penitensiar xidmətinin forması da fərqli olmalıdır. Bununla bağlı nümunələrin təqdim olunmasına ehtiyac var. Bunu Nazirlər Kabineti təsdiq etsə, yaxşı olar. Bununla bağlı olaraq artıq standartlar da hazırlanıb. Penitensiar xidmətin formaları da özlərində tikilə bilər. Özəl sektorun cəlbi ilə mümkündür".
Şura üzvü bütün bunlarla əlaqədar yeni təyin edilmiş rəhbərliyin birmənalı siyasi iradəsinin olduğunu deyib:
"Ədliyyə Nazirliyi bu məsələlərdə Penitensiar xidmətin yeni rəhbərliyinə tam dəstək verir. Bütün sahələrdə quruculuq işləri gedir. Tikinti işlərinin getməsi çox vacibdir. Bununla da cəzakəçmə müəsissəsinin infrastrukturunun tam tələbələrə cavab verməsi məsələsində addımlar atılmalıdır. Sıxlığın aradan qaldırılması baş tutmalıdır. Səhiyyə xidməti kimi məsələlər daha yüksək səviyyədə qurulmalıdır. Eyni zamanda idaretmə sistemində quruculuq işləri getməlidir. Ötən həftənin birinci günü keçirilən görüşdə yeni rəhbərliyin bu sahədə həyata keçirdiyi yeniliklərin şahidi olduq. Daha sonra onun bundan sonra hansı işlərin görüləcəyi ilə bağlı aydın konsepsiyaya malik olduğunu gördük. Cəzaçəkmə mərkəzlərində "Asan xidmət" konseptinə keçidi gördük. Bu da insan hüquq və azadlıqlarının daha etibarlı qorunması, insanların ləyaqətli həyat səviyyəsinin təmin edilməsi, bütövlükdə idaretmə sisteminin yaxşılışdırlması ilə bağlıdır.
Media ilə, vətəndaş cəmiyyəti ilə əməkdaşlığın genişləndirmək istədiklərini söylədilər. İşə qəbulla bağlı məsələdə tam yeni komissiya yaradaılacaq. Həmin prosesdə vətəndaş cəmiyyəti də iştirak edəcək. Tam korrupsiyasız işə qəbul prosesi keçiriləcək. Uzun müddət ali təhsilli olub nəzarətçi işləyənlər var idi. Son günlər Penitensiar xidmətinin rəhbəri Mirsaleh Seyidov tərəfindən zabit vəzifələrinə irəli çəkiliblər. İlk növbədə cəzaçəkmə müəssisəsində daha qabiliyyətli, savadlı, bacarıqlı şəxslərin qabağa çəkilməsi ilə bağlı daxili sistem var.
Bu çox vacib məsələdir. Sosial mühitdə irəli getməklə bağlı sistem olmalıdır. İşçi heyəti bilsin ki, burada leytenantdırsa, 5 ildən sonra hansı vəzifədə olacaq. Bir sözlə, mən ortada olan iradəni, ilkin nümunələri gördüm. Penitensiar xidmətlə uzun müddətdir ki, əməkdaşlıq edirik. Bunlar bizim üçün də yenilik oldu. Yeni rəhbərliyin bu istiqamətdə ardıcıllıq, dayanıqlılıq nümayiş etdirdiyinin şahidiyik. Bütün komanda bu proseslərə görə sevinir. Çünki onların rəhbəri öz nümayəndələridir. Ədliyyə Nazirliyinin rəhbərliyi də bu proseslərdə öz dəstəyini göstərir. Cənab Prezident Mirsaleh Seyidova etimad göstərməklə "bu da sizin nümayəndəniz, görək nə edəcək..." demiş oldu.
Cəmiyyətin də gözləntiləri var. Mən keçmiş məhkumlarla danışdım. Onlar Mirsaleh Seyidovla bağlı yalnız müsbət fikirlər səsləndirdilər. Çünki sözü ilə əməli bir olan insan kimi xarakerizə olunur. Bu sistem tamamilə fərqlidir. Burada sözlə əməlin bir olması çox vacibdir".
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Mirsaleh Seyidovun Penitensiar xidmət sahəsində xeyli işlər görəcəyinə ümid edir:
"O, Penitensiar xidmətində çoxdan işləyən, özü də ləyaqətli insandır. Biz penitensiar sahədən o qədər şikayətlər alırdıq ki... Ən çox da zəng olunurdu ki, insanlar yaxınlarını ziyarətə gedə bilmir. Gedəndə də onlardan pul alırlar. Telefon danışığı üçün pul alırdılar. Bütün bunların hamısını biz Ədliyyə Nazirliyinə çatdırırdıq. Bu gün Mirsaleh Seyidovun gəlişi ilə dəyişikliklər var. Təmir işləri aparır. Həbsdə olanlara iş yerləri də açacaq. Yaxşı insandır. Hər yerdən bunu eşidirik. Biz özümüz də onu tanıyırıq. Hesab edirəm ki, bu sahədə çox şey dəyişəcək".