Milyarder Məhəmməd Əl-Fayed vəfat edib.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Əslən Misirdən olan milyarder 94 yaşında dünyasını dəyişib.
60 ildən çox Böyük Britaniyada yaşayan Əl-Fayed İngiltərənin "Fulham" futbol klubunun və Harrods univermağının keçmiş sahibidir. Onun böyük oğlu Dodi şahzadə Diana ilə birlikdə 1997-ci ildə avtomobil qəzasında vəfat edib.
Məhəmməd Əl-Fayed bir zamanlar deyirdi ki, Dodi və Diana Kraliça II Elizabetin əri Şahzadə Filipin təşkil etdiyi planda öldürülüblər. Onun fikrincə, Diananın misirli ilə görüşməsi kral ailəsinin xoşuna gəlməyib və ailə şahzadənin müsəlmanla evlənməsini istəmir.
Məhəmməd Əl-Fayed 27 yanvar 1929-cu ildə İsgəndəriyyədə anadan olub. 1960-cı illərdə Londona köçüb. "The Sunday Times Rich List"in məlumatına görə, mərhumun ailəsinin sərvəti 1,7 milyard funt-sterlinqdir.