Separatçıların rəhbəri Arayik Arutyunyan qondarma rejimin rəhbərliyindən "istefa verdiyini" bildirib. O, özü "istefa" verməzdən əvvəl “dövlət naziri” Qurgen Nersisyanı işdən çıxarıb, onun əvəzinə Samvel Şahramanyanı təyin edib.
Bu "istefa" necə dəyərləndirilməlidir? Bundan sonra Qarabağda proseslər necə cərəyan edəcək?
Məsələ ilə bağlı danışan Milli Məclisin Qarabağdan olan deputatı Ceyhun Məmmədov bildirib ki, məsələyə iki nöqteyi-nəzərdən yanaşmaq olar:
“Arayikin istefa verməsi, Azərbaycanın uzun müddətdir ki, apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Arayikin rəhbərlik etdiyi separatçı rejim hər zaman Azərbaycan torpaqlarını işğalda saxlayacaqlarını düşünürdülər. Amma bu alınmadı. Hesab edirəm ki, o hadisələrə prosesin bir tərkibi kimi baxsaq, mütləq bunu Azərbaycanın növbəti uğuru kimi qiymətləndirə bilərik. Məsələlərə digər prizmadan baxsaq, Qarabağda marağı olan bir sıra bölgə dövlətlərinin planlarının və istəklərinin olması istisna deyil. Onlar heç bir nəticə verməyəcək”.
Deputat vurğulayıb ki, Azərbaycan qətiyyətli və inamlı formada öz məqsədlərini həyata keçirir:
“Daha çox təxribatlar, təxribatlara cəhdlər və gərginliklər ola bilər. Ancaq düşünürəm ki, bütün hallarda yekun nəticədə Azərbaycan öz hədəf və məqsədinə nail olacaq. Biz Qarabağda yaşayan ermənilərin bizim vətəndaşlığımıza keçməsi və reinteqrasiyasına ən qısa vaxtda nail ola biləcəyik. O baxımdan, bu Azərbaycanın növbəti bir uğuru, separatizmin növbəti bir çatı, növbəti iflasa uğraması ilə bağlı işartı və nəticə kimi qəbul olunmalıdır”.
Milli Məclisin deputatı Aqil Abbas Arayik Arutyunyanın vəziyyətin gərginləşdiyini görərək, vaxtından əvvəl aradan çıxmağa çalışdığını bildirib
“Vəziyyətin gərginləşdiyini görüb, altından çıxa bilmir. Bizimkilər Əsgərana dirəniblər. O tərəfdən fransızlarla, Beynəlxalq Qızıl Xaçı buraxmırlar. Əhalidə də vəziyyət gərgindi. Ona qarşı həm də qüvvələr birləşib və vaxtndan əvvəl istefa verib. Türkiyə xarici işlər naziri ilə Rusiya xarici işlər nazirinin görüşü var. Eləcə də Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putnin arasında görüş olacaq. Hər şey bizim xeyrimizə irəliləyir. Bu səbəbdən Arayik vaxtında aradan çıxmaq istəyir. Ancaq xeyri yoxdur”.
A.Abbas vurğulayıb ki, bu digər separatçıların ərazini tez zamanda tərk etməsinə təsir göstərməyəcək:
“Silahlı dəstələr ərazini tərk etdikdən sonra separatçılar buranı tərk edə bilər. Onlar da çıxmaq fikri yoxdur. Rusiya sülhməramlılarının da onlara gücü çatmır. Çünki sülhməramlıların 2000-ə yaxın, onların isə 10-15 minə yaxın qüvvələri var. Rusiya sülhməramlıları onlardan qorxur. Həm də Fransaya və Avropa dövlətlərinə arxayındır. Hər şey Putinlə Ərdoğanın görüşündən sonra aydınlaşacaq”.