Əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu 3 universitetə qəbul olunub.
Şəhidin həyat yoldaşı Sevinc Orucova deyib ki, oğlu hansı universitetə müraciət etmişdisə, hamısından müsbət cavab alıb.
“Nihad orta məktəbi də yüksək qiymətlə bitirib. İngilisdilli Bakı Oksford Məktəbində təhsil alıb. Orta təhsilini yüksək qiymətlərlə yekunlşadırdı, ortalama balı yüksək idi. Nihad “Texnofest Azərbaycan” yarışmasının da qalibidir, ll yeri tutub. Onun mühəndislik sahəsinə marağı var. Bizim iddiamız başqa universitetlərə deyildi. Çünki mən istəmirdim ki, o Avropada, ya da Amerikada təhsil alsın. Nihad ailəyə bağlı uşaqdır. Düşünürdü ki, Türkiyədə İstanbul Texniki Univeristetini qazansa, ora gedə bilər. Azərbaycanda yalnız ADA Univeritetində ingilisdilli təhsili istəyirdi. Elə hara sənəd vermişdi, ora da qəbul olundu”.
Sevinc Orucova universitet seçimini təmamilə oğluna həvalə etdiyini bildirib:
“Sənəd vermək xətrinə sənəd göndərməmişik. Hara getmək istəyirdik, yalnız ora sənəd göndərmişdik. Türkiyədə yalnız İstanbul Texniki Universitetinə sənəd vermişdik. Ora ən reytinqli universitetlərdən biridir. Bir də YTB burslarına baş vurmuşduq, Bursa Uludağ Universiteti də Nihadı qəbul etdi.
Nihad Azərbaycana çox bağlıdır, ali təhsili harada alacağına özü qərar verəcək. O, ingilis dilində oxumağa üstünlük verir. Oğluma sərbəstlik vermişəm, doğru seçim edəcək. Atası da onunla fəxr edərdi. O atasına bağlı övlad olub. İnformasiya texnologiyaları sahəsi üzrə mühəndis olmaq istəyir. Bu ixtisasa marağı çoxdur, robotexnikaya maraqlıdır”.
Xatırladaq ki, Nihad Oruclu ADA Universitetinin kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin kompüter mühəndisliyi ixtisasları üzrə üç ali məktəbə qəbul olunub.