Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Biləcəridə bu `Bulaq`ın suyu hardan axır?.. - İTTİHAM VAR!



Təkrar-təkrar Ulu Öndərin fikirlərini sitat gətiririk: “Bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər”. Ulu Öndərin bu barədə daha kəskin fikirləri də var: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”
Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və onlar həbs olunmalı idilər. Həmin obyektlər isə qeyri-qanuni olduğu üçün məhkəmənin qərarı ilə sökülməli, dağıdılmalı, uçurulmalı idi…
Bəli, Ulu Öndərin buyurduğu kimi uçurdulub, dağıdılmalı obyektlərdən biri də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan 19 ünvanda yerləşən “Bulaq” restoranı, Bulaq Palace-dir.
İndi gəlin izah edək ki, bu obyektlər niyə və nə üçün dağıdılmalıdır..?
Onu da qeyd edək ki, restoranın sahibi əslən Ağcabədidən olan Quliyev Eldar Müseyib oğludur. Sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi natamam sənədlər əsasında Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib. Mediada yayılan rəsmi xəbərlərdən o da bəlli olur ki, 2017-ci ildə "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının kökü üstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl-Natrium Xlorid duzu tökülərək məhv edildiyi müəyyən olunub.
Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqları qəsdən məhv etməsi müəyyən olunub. Və Eldar Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 57 min manat cərimə olunub. Bəs sonra nə olub..? Sanki qurbağa gölünə daş düşüb. Və bu barədə ölkə mediasında bircə cümlə də yoxdur.
Redaksiyamıza daxil olan məlumata görə, Eldar Quliyev bir neçə aydan sonra azadlığa çıxıb və köhnə əməllərini davam etdirməyə başlayıb. Birincisi, bizim məlumatımıza görə, həmin ərazidə 67 ədəd deyil, yüzlərlə şam ağacı məhv edilib. Bəs nə üçün Eldar Quliyev 57 min cərimə və 3-4 aylıq həbslə canını qurtara bilib..? Bu həbs olunma və buraxılma bir neçə dəfə olub..? Bunları oxuyanda adam düşünür ki, vallahi müdriklər düz deyib ki, Quran oxumaqla o darıdan çıxan deyil. Çünki bu boyda cinayət əməllərindən sonra Eldar Quliyev azadlıqda əməllərini davam etdirir və obyektlər də fəaliyyətini... Adam utanır yaza ki, dəyirman bildiyini edir...çaxçax...
Nə isə Eldar Quliyevə deyirik ki, biz boş yerə başımızı ağrıdanlardan deyilik, sənin haqqında bildiklərimizin 100-də birini yazdıq, heç olmasa get kəsdiyin ağacların yerində yaşıllıqlar yarat, düşünmə ki, bəzi adamları susdurduğun kimi, bizi də susdura bilərsən. //gundelik-baku.com//

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də