Dövlət Statistika Komitəsi (DSK) turizmlə bağlı rəqəmləri açıqlayıb.
Komitənin məlumatlarına əsasən Azərbaycandakı turizmlə bağlı vəziyyəti təhlil edilib.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1.2 milyona yaxın turist gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz çox olsa da, hələ də pandemiyadan əvvəlki dövr ilə müqayisədə azdır. Belə ki, 2019-cu ilin eyni dövründə Azərbaycana dünyanın 187 ölkəsindən 1.8 milyona yaxın xarici ölkə vətəndaşı səfər edib.
Bu ilin ilk 7 ayında Rusiyadan Azərbaycana səfər edən turistlərin sayında artım müşahidə edilib. Belə ki, ölkəyə gələn turistlərin 33%-ə yaxını, yəni 375 mini Rusiyadan gəlib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 70% çoxdur. Ötən ilin eyni dövründə Rusiyadan gələn turistlər 26% təşkil edib.
Türkiyədən gələn turistlərin sayında da artım müşahidə edilib, amma artım 20%-ə yaxın olub. Türkiyədən gələn turistlər ötən ilin yanvar-iyul aylarında ümumi gələnlərin 21%-ni təşkil edirdisə, bu il 18.2% olub.
Yanvar-iyul aylarında Azərbaycana İran və Səudiyyə Ərəbistanından gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. İlin ilk 7 ayında İrandan ölkəmizə 96 min, Səudiyyə Ərəbistanından 56 mindən çox turist gəlib, bu ilin eyni dövründə müvafiq olaraq 84 min və 44 min olub.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana gələnlərin sayında ən çox artım Hindistandan gələn turistlərdə olub. Ötən ilin qeyd olunan dövründə ölkəmizə 21 min hindistanlı gəlmişdisə bu il bu rəqəm 2.5 dəfə artararaq 56 minə çatıb.
2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.