Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.
Dəfn mərasimi Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında baş tutub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.