Ermənilər son günlər təxribatlarını intensivləşdirib. Təxribatlar həm iki ölkənin şərti sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində həyata keçirilir.
Dünən Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. Separatçılar ordumuzun mövqelərinə yaxın uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Ermənilərin son zamanlar təxribatları artırması nədən xəbər verir? Yeni müharibə başlaya bilərmi?
Məsələ ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, atəşkəsin intensiv şəkildə pozulması təxribatların tərkib hissəsidir:
“Ermənistanın atdığı bu addımlar baş verə biləcək böyük toqquşmaların bir növ anonsudur. Məhz bu səbəbdən biz hazır olmalıyıq. Son günlər baş verənlər onu deməyə əsas verir ki, yaxın vaxtlarda daha böyük təxribatlar olacaq. Ağır silahlardan şəxsi heyət və mülki insanlar arasında tələfat törətmək üçün düşmən aktiv hərəkətə keçəcək”.
Ekspert vurğulayıb ki, təxribatların miqyası böyüyəcək:
“Mən bunu proqnozlaşdırırdım. Çünki düşmən “TIR” şousu, Xankəndidən 25 avtobus adamı Laçın sərhəd-buraxılış məntəqəsinə yollamağa cəhd və digər bu kimi oyunlara əl atırdı. Onlar da alınmadığına görə bu yolla çalışırlar ki, təxribat törətsinlər və Moskvaya möhtac qalsınlar. Moskva yenə də tərəfləri toplasın. Hesab edirəm ki, yaxın vaxtlarda bu təxribatların miqyası artacaq. Orada Naxçıvan və Gədəbəy var. Bu gün o siyahıda Füzuli də var. Füzuliyə insanlarımızı köçürürük. Rusiya sülhməramlılarının nəzarəti altında olan yerlərdən Azərbaycan Ordusunun bölmələri atəşə tutulub. Bu nədir? Bu o deməkdir ki, ruslar buna göz yumurlar. Azərbaycan Müdafiə Nazirliyi bir xəbər yayıb ki, dünən təkcə gün ərzində 30-a yaxın dinləmə və müşahidə qurğusu quraşdırılıb. Müşahidə və dinləmə qurğusu bir dəqiqə içərisində quraşdırılmır. Bunun üçün xeyli vaxt tələb olunur. Bu qurğuları nə vaxt quraşdırdılar ki, bizimkilərin diqqətindən yayındı. Aydın məsələdir ki, təxribatın variantını artıracaqlar”.
Ü.Cəfərov söyləyib ki, məqsəd tərəfləri toqquşdurmaqdır, tərəflər toqquşandan sonra danışıqlar prosesi dalana dirənəcək.
"Bu zaman yenə də böyük oyunçular dövriyyəyə girəcək. Deyəcəklər ki, gəlin, filan yerdə görüşək, məsələləri müzakirə edək. Yevlaxdan sonra indi Bərdə variantına keçiblər. Nə dəyişəcək? Bu oyun və hoqqabazlıqların yeganə məqsədi odur ki, vaxt udsunlar. Vaxt da udurlar. Bununla da müəyyən məqsədlərinə çatırlar. Kommunikasiyalarını möhkəmləndirirlər. Biz bu məsələlərdə diribaş olmalıyıq. Düşünürəm ki, bu hallar sonra bizə əlavə problemlər yaradacaq”.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, bu təxribatlar eskalasiyanın miqyasını artıracaq:
“Ermənilər son bir ay ərzində həm sərhəddə, həm də müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təxribatların sayını kifayət qədər artırıb. Bu təxribatlar mümkün eskalasiyanın daha geniş miqyas alacağını ehtimal etməyə əsas verir”.
Ekspert vurğulayıb ki, çox sayda atəşkəs pozuntuları sonunda Azərbaycan tərəfinin səbir kəsəsinin daşması ilə nəticələnəcək:
“Bu, Ermənistan üçün növbəti texnika, heyət və ərazi itkiləri ilə nəticələnə bilər. Eskalasiyanın artmasının sonu hər bir halda Ermənistan üçün əvvəlkindən fərqli olmayacaq. Humanitar yük şousu altında kifayət qədər resurslar xərcləyən Ermənistan ciddi bir nəticə əldə etməyəcək. İndi də beynəlxalq ictimaiyyətin diqqətini sülh sazişindən, silahlıların çıxarılmasından və sərhədlərin delimitasiyasından yayındırmaq üçün müxtəlif yollara əl atırlar. Onlardan biri məhdud ərazilərdə lokal eskalasiya yaratmaq niyyətində özünü büruzə verir”.
Ə.Verdiyev söyləyib ki, təhlükəsizlik məsələlərində Ermənistanın nazı ilə çox oynamağa məcbur deyilik:
“Düşünürəm ki, atəşkəs pozulan düşmən mövqelərinə öncə ordumuzun cəmlənmiş atəş zərbələri endirilməlidir. Atəşkəsin pozulduğu ərazilərdə Azərbaycan əsgəri və bayrağı yerləşdirlməldir. Bu artıq sosial sifarişdir. İctimaiyyət də bunu tələb edir. Təhlükəsizlik məsələlərində də biz Ermənsitanın nazı ilə uzun müddət oynamağa məcbur deyilik”.