Anomal istilər və tədarüklə bağlı məhdudiyyətlər fonunda dünyada ərzaq qiymətləri artıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında bildirilib.
Sənədə əsasən, iyul ayında qida məhsullarının qiymət indeksi 1,3 faiz artıb. İyun ayında iki illik minimuma çatdıqdan sonra üç ayda ilk dəfə olaraq belə bir artım qeydə alınıb.
Qiymətlərin artmasına dünyada tədarüklə bağlı yaşanan problemlər də təsir edib. İyul ayında Rusiya "Taxıl sazişi"ndən çıxıb, hansı ki, onun vasitəsilə Ukraynadan milyonlarla ton taxıl bazarlara daxil olurdu. Daha sonra ən böyük düyü ixracatçısı olan Hindistan daxili bazarda qiymətləri aşağı salmaq üçün bu əsas məhsulun bəzi növlərinin ixracına qadağa qoyub. Dünyadakı ərzaq qiymətlərinə ekstremal hava şəraiti təsir edir ki, bu da Çin və Cənubi Avropada məhsul yığımını şübhə altına qoyur.