Ədliyyə Nazirliyi daha bir partiyanın təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.
Nazirlik Ağasif Şakiroğlunun rəhbərlik etdiyi Gələcək Azərbaycan Partiyasının siyahılarında çatışmazlıqlar aşkar edib.
Məlumata görə, partiya Ədliyyə Nazirliyinə 5073 üzvün siyahısını təqdim edib, onlardan 3224 nəfəri GAP üzü olduğunu təsdiq edib.
687 nəfərin məlumatları düzgün qeyd edilməyib, 64 nəfər dünyasını dəyişib, 4 nəfər isə 18 yaşını tamamlayıb.
113 nəfərin başqa partiya üzvü olduğu, 232 nəfərin adının təkrarlandığı aşkar edilib. 746 nəfər isə partiya üzvü olmadığını bildirib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.