Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüşdə Rusiyanın tərəflərə təklifi açıqlanıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, tərəflərə güzəştə getmək təklif edilib:
"Hazırkı mərhələdə tərəflər bu təklifləri nəzərdən keçirirlər. Amma tərflər arasında fikir ayrılıqları var ki, bunu aradan qaldırılacağımıza inanırıq. Regionda davamlı sülh və sabitliyin təmin olunmasında Rusiya maraqlıdır. Rusiya bütün istiqamətlər üzrə Qarabağ məsələsinin həllində fəal iştirak edir”.
XİN rəsmisi qeyd edib ki, Rusiya Cənubi Qafqazda problemlərin həllindən kənarda qala bilməz:
“Kimsənin buna şübhəsi olmamalıdır. Rusiya bütün istiqamətlər, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, iki ölkə arasında dialoqun inkişaf etdirilməsi məsələlərində vasitəçilik səylərini davam etdirir. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ətraflı müzakirə olunur. Regionda nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının açılmasına kömək edəcək”.