Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb.
Bu barədə SOCAR məlumat yayıb.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz, ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi iştirak ediblər.
Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcəkdir.
Mərasimdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov sazişin əhəmiyyətindən bəhs edərək sənədin "Abşeron" layihəsinin gələcək inkişafında mühüm mərhələ olacağına inamını ifadə edib. Azərbaycanın enerji sənayesinin ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına da mühüm töhfə verdiyini bildirən nazir Azərbaycana xarici sərmayələrin daxil olmasında təbii resurslarla yanaşı, yaradılan əlverişli investisiya mühitinin xüsusi rol oynadığını vurğulayıb.
ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüdudlarından kənarda apstrim layihəsində ilk investisiyasını Azərbaycana yatırması ölkəmizdə xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür. Saziş Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcək və ölkəmizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfəsini verəcəkdir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında Anlaşma Memorandumu da imzalanıb. İmzalanmış sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən apstrim layihələrində iştirakını və bu istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər, eyni zamanda, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.