Azərbaycan elmə ayrılan dövlət büdcəsinin ümumi daxili məhsula (ÜDM) nisbətində qonşu ölkələrdən geridə qalır.
Bu fikri təhsil eksperti Kamran Əsədov səsləndirib.
"Rəsmi rəqəmlərə əsasən, 2021-ci ildə Ümum Daxili Məhsulun (ÜDM) sadəcə 0.16 faizi elmin maliyyələşməsinə ayırılıb. Bu isə universitetlərdə keyfiyyətli tədqiqat infrastrukturunun, imkanlarının və bacarıqlarının inkişafını təşviq etmir. Universitetlər maliyyə baxımından əsasən dövlət büdcəsinin minimal ayırmalarından asılı olduğu və əlavə gəlir mənbəsi kimi kommersiyallaşmadığı üçün müxtəlif sənaye sahələri, onların qlobal bazar tələbləri ilə uyğunlaşa bilmir. Əlavə olaraq, “tədrisdə mükəmməllik” (excellence in teaching) kimi təcrübəyə əsaslanan və ölçülə bilən vacib qlobal anlayışlar Azərbaycanın təhsil islahatları ilə bağlı lüğətində hələ də mövcud deyil",- deyə ekspert iradlarını bildirib.
Qeyd edək ki, 2022-ci ildə dövlət büdcəsində elmə ayrılan xərclər 205 milyon manat olub. Bu il həmin sahəyə ilkin olaraq 228.5 milyon ayrılması nəzərdə tutulsa da, sonradan büdcəyə edilən dəyişiklik nəticəsində elm xərcləri 225.3 milyon manata endirilib.