Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Belarus Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Zamik Haşımovun qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Avqustun 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.