Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə Memorial Kompleksinin layihəsi təqdim edilib FOTOLAR



44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə inşa ediləcək Gəncə Memorial Kompleksinin layhəsi təqdim edilib.

Gəncə Memorial Kompleksi Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən, ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla layihələndirilib. Təməli 30 yanvar 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncə Memorial Kompleksinin konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. 

Gəncə Memorial Kompleksi unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.

Memorial abidə 12 metr dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada, hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilib. Muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb. Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, törədilmiş faciənin işıqlandırılmasında xüsusi rol oynayacaq.

Raket zərbələri nəticəsində dağıdılmış yaşayış binalarının qalıqlarının və izlərinin saxlanılacağı hissə isə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.

Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş parkın yaradılması da planlaşdırılır.

Ərazidə həmçinin, 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası nəzərdə tutulub.

Kompleksin ərazisində yeni layihələndirilən bina və qurğuların tikinti sahəsi 3 140.2 m², bütün yerüstü mərtəbələrinin sahəsi 3 542.2 m², konservasiya olunan binaların sahəsi isə 2 965.9 m² təşkil edir. Ərazidə yerləşən mövcud abidə 18.2 m² tikinti sahəsini əhatə edir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda, daha dəqiq  4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket zərbələri endirilib. Onlardan ən dəhşətliləri 11 və 17 oktyabr tarixlərində baş verib. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də