Kəlbəcərə yolun tikintisinə artıq başlanılıb.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, ölkə başçısının tapşırıqlarına əsasən, bu istiqamətdə işlərə start verilib:
“Yol Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə nəzərdə tutulub. Hazırda layihənin hazırlanması istiqamətində işlər gedir. Layihə üzərində axtarış, geologiya və ilkin qiymətləndirmə işləri gedir. Buna paralel olaraq Toğana kəndindən Murov dağı silsiləsi istiqamətinə olan yolun 14 kilometrlik hissəsində tikinti və genişləndirmə, yeni yol yatağının inşası, profilləndirilmə işlərinə başlanılıb.
Ümumi yolun uzunluğu təxminən 190 km-ə yaxındı, lakin layihə işləndikcə avtomobil yolunun uzunluğu dəyişə bilər. Təqribi desək, yolun Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsinin uzunluğu 74 km, Kəlbəcər-İstisu istiqamətində 28 km və Kəlbəcər-Laçın istiqamətinə düşən hissəsi isə 87 km təşkil edir. Layihəyə əsasən yol Göygöl rayonunun Toğanalı kəndindən başlayacaq, Murov dağı silsiləsindən keçərək, Kəlbəcər, İstisu və Laçın istiqamətində davam edəcək. Layihənin ilk 4,5 km hissəsi Toğana kəndinin içərisindən keçir. Layihənin 7, 10 və 13-cü km-liyində mövcud çay körpüləri yerləşir. Onlar yararsız vəziyyətdə olduğu üçün yeni körpülərin layihəsinin hazırlanması və tikintisinə dair işlər də paralel olaraq həyata keçirilir”.
Anar Nəcəfli qeyd edib ki, Murov dağı silsiləsinin altından tunellərin inşası nəzərdə tutulur:
“Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır. Həmin yüksəklik 1900, 3250, hətta bəzi yerlərdə 3500 metrə qədər artır. Buna görə də Murov dağı silsiləsinin altından ümumi uzunluqları təxminən 10-12 km-lik tunellərin inşası nəzərdə tutulur. Bu təbii ki, layihə çərçivədə dəqiqləşdiriləcək. Layihənin keçdiyi ərazidə sərt dağlıq və qayalıq relyefin olması nəzərə alınaraq, yolun hərəkət hissəsinin iki zolaqdan başlayaraq, yoxuşlarda əlavə zolaq verilməklə layihələndirilməsi nəzərdə tutulur. Yəni yol iki-üç zolaqlı olacaq.
Tunellərdə isə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. Hazırda layihə axtarış, geologiya və ilkin qiymətləndirilmə işləri aparılır. Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsinə qədər olan 14 km-lik hissədə isə artıq müəyyən işlərə başlanılıb”.