İnsanların son vaxtlar şikayət etdiyi xəstəliklərdən biri yay qripi kimi tanınan və məhz isti havalarda özünü göstərən qrip növüdür. Adi qripdən fərqli olaraq, yay qripi soyuqdəymədən yox, istivurmadan əmələ gəlir. Bu zaman Günəş şüaları altında uzun müddət qalmaqdan və ya istivurmadan qripəbənzər əlamətlər müşahidə olunur. Buna el arasında "yay qripi" və ya "gün qripi" də deyirlər. Əlamətləri qrip xəstəliyinə bənzəsə də, bir çox xüsusiyyətinə görə ondan fərqlənir.
Məsələ ilə bağlı Referans.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla bildirib ki, yay vaxtı yayılan bu kimi xəstəliklərlə bağlı rəsmi məlumat verilmir, amma insanlarda buna yoluxma halları baş verir: "Yay aylarında hətta pandemiyadan qabaq da, bəzən görürdük ki, bir ailədə və ya kollektiv yerlərdə infeksiyaların yayılmasını müşahidə edirdik. Hazırda pandemiya bitsə də, omikronun mutasiyası davam edir. Buna görə bu da nəzərə alınmalıdır. Digər tərəfdən yuxarı tənəffüs yollarında kəskin respirator infeksiyalar törədən xeyli viruslar var. Bunlar hamısı istənilən vaxt fəallaşır və insanda problemlər yaradır".