Niger prezidenti Məhəmməd Bazum çevrilişdən sonra istefa vermək istəmir.
Bu barədə "Associated Press" agentliyinə prezidentə yaxın mənbə məlumat verib.
Onun sözlərinə görə, üsyançılarla prezident arasında danışıqlar davam edir. Danışıqların təfərrüatları açıqlanmır.
Agentlik bildirib ki, hərbçilər lider təyin etmədiyi və prezident istefa vermədiyi üçün hazırda Nigeri kimin idarə etdiyi hələ də aydın deyil.
Niger prezident qvardiyası iyulun 27-nə keçən gecə dövlət başçısının və ailəsinin hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Daha sonra Niger ordusunun komandanlığı üsyançılara dəstək verib.
Nigerin prezident qvardiyasının rəhbəri general Abdurahman Çiani milli televiziyada ölkədə çevriliş həyata keçirən qiyamçılar adından danışıb. Çiani özünü Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı elan edib.