Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kino ittifaqının yeni sədri kim olsun? - Deputatlar onu dəstəkləyir

Kino ittifaqının yeni sədri kim olsun? - Deputatlar onu dəstəkləyir


Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə digər Xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsinə qərar verilib. Eyni funksiyanı yerinə yetirən iki qurumun birləşməsi reallaşsa da, yenilənmiş ittifaqa kimin rəhbərlik edəcəyi hələ məlum deyil.

 Sədrin Mədəniyyət Nazirliyi tərəfindən təyin olunacağı, hazırda namizədlər arasında seçim aparıldığı deyilir. Lakin sosial şəbəkələrdə gedən müzakirələrdə əksəriyyət tanınmış aktyor Rasim Balayevin bu posta layiq olduğunu bildirir. Şəfiqə Məmmədovaya gəlincə, onunla bağlı daha çox neqativ fikirlər diqqət çəkir. 

 Bəs deputatlar kino ittifaqının rəhbərliyində kimi görmək istəyirlər? 

  Milli Məclisin Mədəniyyət komitəsinin üzvlərinin fikirlərini öyrənib.

 Deputat Fazil Mustafa Xalq artisti Rasim Balayevin aktivliyi və cəmiyyətdəki nüfuzu ilə fərqləndiyini bildirib.

 

 

“Buna cəmiyyətdə çox da vacib məsələ kimi yanaşılmamalıdır. Əsas bu qurumların birləşməsidir. Hər biri dəyərli sənət adamlarıdır. Rasim Balayev Azərbaycan sənətində xüsusi rolu, etiketi olan insanlardan biridir. O sənətə möhür vurmuş şəxslər sırasındadır. Şəfiqə xanım da dəyərli sənət adamlarındandır. Hər halda sənət camiəsində bu cür ayrılmalar yaxşı qarşılanmır. Kimlərinsə kiminsə tərəfində durub, yanında olması başqa amillərin yaranmasına səbəb olur. Bu da narahatedici haldır. Mən heç  istəməzdim ki, belə ayrılıqlar olsun. Birləşmə faydalıdır. Yenə də qeyd edim ki, Rasim Balayev cəmiyyətdə nüfuzu ilə, aktivliyi ilə seçilən sənət adamlarından biridir. Yəqin ki, onun rəhbərliyi altında bu prosesin gerçəkləşməsi yaxşı olardı”, - parlamentari vurğulayıb.

 

Nizami Cəfərov da Rasim Balayevin sədrliyinə müsbət yanaşdığını söyləyib:

 

“Rasim Balayev bizim çox böyük sənətkarımızdır. Təkcə Nəsimi rolu ilə yox, bir sıra filmlərdəki rollarla özünü gənc yaşlarından çox qüdrətli sənətkar kimi nümayiş etdirib. İctimai fəallığı və idarəetmə bacarığı da kifayət qədər genişdir. Əlbəttə ki, bu, bizim kino xadimlərimizdən asılıdır. Sədr seçilməsi üçün kino işçilərinin 70-80 faizinin razılığı olmalıdır. Mən də məmnuniyyətlə istəyərəm ki, yeni ittifaqın sədri Rasim Balayev olsun”.

 

 

N.Cəfərovun fikrincə, əsas məsələ kino sənətinin dirçəlməsidir:

 

“Azərbaycanda kinonun yaxşı ənənələri olub. Hamımız bunu bilirik. Azərbaycanda kino sahəsinə həmişə diqqət olub. Biz bunu da bilirik. Yadımızdadır ki, ümumilli liderimiz Heydər Əliyev 70-ci illərdə Azərbaycan kinosunun inkişafı üçün çox böyük işlər görüb. O dövrdə görülən işlərin sadəcə tarixçəsini xatırlatsaq, ona istinad edərək böyük dirçəliş edə bilərik. İndi də bizim istedadlı rejissorlarımız, aktyorlarımız var.  İndi əsas məsələ qurumların birləşməsi və kino sənətimizin inkişafıdır”.

 

 

Deputat Aqil Abbas Rasim Balayevin sədr seçilməsini istəyənlər sırasındadır. Onun sözlərinə görə, hazırda ən uğurlu namizəd Xalq artisti Rasim Balayevdir:

 

“Rasim Balayev cəmiyyət tərəfindən sevilən adamdır. İşinin də mütəxəssisidir.  Qurumların birləşməsi yaxşı haldır.  Yəqin ki, Rasim Balayev sədr seçilər. Əsas məsələ kino sənətinin daha da inkişaf etdirilməsi və dirçəldilməsidir. Rasim Balayev sədr kimi bu məsuliyyəti daşıya bilər”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də