
Bununla bağlı RegionTV.info-ya danışan professor Adil Qeybulla bildirib ki, karantin rejiminin sonuna qədər qaydalara əməl edilməli və maska taxılmaldır:
"Nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya ilə bağlı son zəng vurulmayıb, maskanın taxılması vacibdir. Biz artıq maska taxmağı adət etməliyik. Qabaqdan yaz fəsli gəlir. Yenə qrip kimi infeksion xəstəliklər aktivləşəcək. Yavaş-yavaş biz bu məsələlərə öyrəşməliyik. İnsan görürsən ki, qripdir, burnu axa-axa maska taxmır, hamını da xəstələndirir. Maskaya artıq mədəniyyət nümunəsi kimi baxılmalıdır. Mən demirəm ki, hamı maska taxmalıdır. Ən azı infeksion xəstəliyi olan insanlar maskadan istifadə etməlidirlər. Düzdür, insanlar pandemiyadan bezib, maska artıq vətəndaşlarımızda qıcıq yaradır. Lakin unutmayaq ki, 44 günlük Vətən müharibəsi gedən zaman maska taxılmadığına görə yoluxma yüksək həddə çatdı. Düşünürəm ki, vaksinasiya uğurlu nəticələr versə, yəqin ki, bir neçə aya pandemiyanın söndüyünü görəcəyik. Gündəlik yoluxmaların sayında da xeyli azalmalar var. May ayına kimi maskalardan canımızı qurtara bilərik".