Şükür bu gün Laçına qayıdıram. Bakıya dörd övladımla gəlmişdim, indi isə nəvələrimlə geri dönürəm.
Bu barədə açıqlamasında bu gün öz doğma yurd-yuvasına qayıdan Laçın sakini deyib.
"31 ildən sonra Laçında qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Sevincimin həddi hüdudu yoxdur. Allah ordumuza can sağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 19 ailə - 89 nəfər köçürülüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.