“Bir neçə gündür ki, Azərbaycan Ordusunun nəzarətində olan bölgələrə ermənilərin partizan adlandırdıqları qaçaq-quldur dəstələri daxil olur. Onların bir qismi zərərsizləşdirilib, digər qismi əsir götürülərək qarşı tərəfə təhvil verilib. Amma Azərbaycan Ordusu bundan sonra qərara gəldi ki, heç bir əsir götürməkdən və geriyə təhvil verməkdən söhbət gedə bilməz”.
RegionTV.info xəbər verir ki, bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bunun üçün xüsusi əməliyyat qrupu da yaradılıb:
“Əgər bir də belə hallar təkrarlanacaqsa, həmin qaçaq-quldur dəstələrinin üzvləri yerindəcə məhv ediləcək. Azərbaycan Prezidenti bununla rusiyalı sülhməramlılara işarə vurdu ki, qaçaq-quldurlar Laçın dəhlizindən sızırlar. Həmin dəhlizdən keçərək Dağlıq Qarabağ ərazisində peyda olurlar. Onlar ciddi yoxlanmırlar. Hətta həmin terrorçulara dayəlik edilir və nəticədə onlar ərazilərə sızırlar. Azərbaycan bununla Ermənistanın siyasi rəhbərliyinə xəbərdarlıq edirdi, yəni “Dəmir yumruq” durur və o yenə də düşmənin başına enə bilər. İkincisi, bölgəyə nəzarət edən sülhməramlılara da ismarış göndərildi ki, bu işlərə ciddi nəzarət edin”.
Qabil Hüseynli əlavə edib ki, bu cür avantüristlər, qaçaq-quldur dəstələri bölgəni yenidən qarşıdurmalara, müharibəyə sürükləyə bilərlər: “Azərbaycanın siyasi rəhbərliyinin mövqeyi ilə Türkiyə siyasi rəhbərliyinin mövqeyi bu məsələdə üst-üstə düşür. Bölgədə nizam-intizamı pozan qüvvələrin zərərsizləşdirilməsi istiqamətində Moskva görüşündə razılıq əldə edilməsə, (yəqin ki, əldə ediləcək) Azərbaycan Ordusu bölgənin Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qaçaq-quldur dəstələrindən təmizlənməsi üçün yenidən hərbi əməliyyatlara başlaya bilər”.
Xəbəri paylaş