Son illər azyaşlı uşaqlar və yeniyetmələr arasında xüsusən kriminal ünsürlərə meyillilik sanki artib. Onların sosial şəbəkə hesablarında etdikləri paylaşımlar belə deməyə əsas verir.
Onların arasında qollarına avtomat silahı döymə etdirən, qarın nahiyyəsinə xəncəl vurduranlar var.
Bu tip döymələri etdirib sosial şəbəkə hesablarında paylaşan yeniyetmələrə son illər tez-tez rast gəlinir. Hətta bəzi kriminal aləmə yaxın şəxslərin istifadə etdikləri jarqon ifadələri işlədənlər belə var.
Mövzuya münasibət bildirən psixoloq Esmira Qafarova deyir ki, uşaqların belə kriminal ünsürlərə marağının artmasına səbəblərdən biri valideyn diqqətsizliyidir. Psixoloq hesab edir ki, valideynlər uşaqlarının hətta azyaşlı vaxtlarından izlədikləri videoları belə nəzarətdə saxlamalıdır.
Ekspert deyir ki, bəzən kriminal videolar və fotolar paylaşan yeniyetmələrin uşaqlıq travması da səbəb olan amillərdəndir. Belə faktları aşkar edən valideynlər və yaxud da onların yaxınları mütləq onu nəzarətdə saxlamaqla ətrafında olan yeniyetmələrdən təcrid etməlidirlər.