Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrail müdafiə naziri Xankəndiyə baxır - Bu foto nədən xəbər verir?

İsrail müdafiə naziri Xankəndiyə baxır - Bu foto nədən xəbər verir?


İsrail Dövlətinin müdafiə naziri Yoav Qalant Azərbaycanda rəsmi səfərdədir. O, səfər çərçivəsində Prezident İlham Əliyevlə, daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşlər keçirib. 

 Danışıqlar zamanı strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Nazirlərin görüşündə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 İsrail müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını söyləyib, eyni zamanda hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

 

 

Xüsusilə, müdafiə naziri Zakir Həsənovun Yoav Qalanta Azərbaycan xəritəsi üzərində Xankəndi şəhərini göstərməsini əks etdirən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub. Bəzi ekspertlər hesab edirlər ki, sözügedən görüntü Azərbaycan və İsrailin düşmənlərinə ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər. 

 Qalantın Bakı səfərinin əhəmiyyəti barədə açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan ilə İsrail arasında hərbi sahədə yeni müqavilə imzalana bilər.

Ekspert vurğulayıb ki, Azərbaycan və İsrail arasında münasibətlər çox dinamik şəkildə inkişaf edir: "Bugünkü səfər çərçivəsində bir çox, o cümlədən hərbi sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu istisna deyil".

 

 

Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan İsrail istehsalı olan hava hücumundan müdafiə sistemləri və müasir raketlər, tank əlehinə raket kompleksləri, zərbə tipli pilotsuz uçuş aparatları, dəqiq vuruş qabiliyyətinə malik olan artilleriya texnikaları ala bilər. Bundan əlavə, görüşlər nəticəsində Azərbaycan ilə İsrail arasında yeni müqavilələrin imzalanmasını gözləmək olar.

 

"Bildiyimiz kimi, Yoav Qalantla Zakir Həsənovun görüşü olub. Görüşdə Azərbaycan müdafiə naziri ona Azərbaycan xəritəsini, Xankəndi şəhərini göstərir. Müdafiə naziri Zakir Həsənov bununla İsrailin müdafiə nazirinə Azərbaycanın mümkün planları barədə mesajlar vermiş oldu. Belə bir fotonun mediada görüntülənməsi isə Azərbaycanın gələcək planlarını aşkar şəkildə tərəfdaşları ilə geniş müzakirə etdiyini göstərir",- deyə hərbi ekspert vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də