Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

3 iyul planetdə ən isti gün olub

3 iyul planetdə ən isti gün olub


Cari il iyulun 3-ü meteoroloqların hesablamalarına görə, tarixdə ən isti gün kimi qeydə alınıb.

 Həmin gün bütün planet üzrə orta temperatur yeddi il bundan əvvəl müəyyən olunan rekordu yeniləyib.

 “Ətraf mühitin proqnozlaşdırılması üzrə milli mərkəzlər” Amerika hökumət müəssisəsindən olan alimlər elan ediblər ki, iyulun 3-də dünya üzrə orta temperatur 17,01 dərəcə Selsiyə çatıb. Bundan əvvəlki – 2016-cı ilin avqustunda müəyyən olunan rekord 16,92 dərəcə Selsi təşkil etmişdi.

 Alimlər dəqiqləşdirirlər ki, havanın peyk monitorinqinə başlanıldığı 1979-cu ildən bəri 3 iyul ən isti gün hesab olunub. Lakin onlar əmindirlər ki, bu, XIX əsrin sonundan bəri aparılan müntəzəm elmi müşahidələrin bütün tarixi ərzində də rekord göstəricidir.

 Cari ilin iyunu meteoroloqların hesablamalarına görə, bütün müşahidə tarixi ərzində planetdə ən isti iyun ayı olub. Alimlər ehtimal edirlər ki, istixana qazları tullantıları səbəbindən ümumi iqlim dəyişməsinin və El-Ninyo təbiət hadisəsinin başlanmasının ahəngi hazırda yeni temperatur rekordlarının müəyyən olunmasına şərait yaradır.

 El-Ninyo - Sakit okeanın ekvatorial və cənub hissəsində suyun hərarətinin vaxtaşırı artmasının baş verdiyi güclü təbiət hadisəsidir. O, bütün planetin iqliminə öz təsirini göstərir. Sonuncu dəfə El-Ninyo (ispancadan tərcümədə “oğlan”) 2016-cı ildə baş verib. Alimlərin fikrincə, o, indi qayıdır.

 

Bu il artıq İspaniyada və bir çox Asiya ölkələrində rekord yaz bürküsü, daha sonra dünya okeanının müxtəlif hissələrində, məsələn, Şimal dənizində suyun hərarətinin anomal artımı olub. İyun ayında rekord dərəcədə isti Çinin şimal-şərqini cənginə alıb: Pekində 60 ildə ilk dəfə olaraq müsbət 41 dərəcə qeydə alınıb.

 

Meteoroloq Leon Saymons deyib: “Planetin səthinin orta temperaturunun bu dövr ərzində ilk dəfə 17 dərəcəyə çatması dünyada istiləşmə tarixində diqqətəlayiq mərhələdir. İndi, üstəlik El-Ninyo isti fazasının başlanacağı vaxtda növbəti ilyarım ərzində xeyli sayda yeni rekord gün və aylar, eləcə də illik temperatur rekordunu gözləmək olar”.

 

Leypsiq Universitetindən olan alim Karsten Hauştayn da bu barədə fikirlərini bölüşüb: “Ehtimal var ki, iyul tarixdə ən isti iyul və ən isti ay olacaq. Tarix dedikdə isə, 120 min il bundan əvvələ təsadüf edən Eyem buzlaq dövründən bəri nəzərdə tutulur”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də