2 iyul “Polis Günü” ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif struktur qurumlarına aid 4 yeni inzibati bina istifadəyə verilib.
Bu barədə nazirliyin Mətbuat xidmətindən bildirilib.
Həmin binalardan biri nəzəri və praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik ali hüquq təhsilli polis kadrları hazırlayan, DİN-in şəxsi heyətinin müasir dövrün tələblərinə uyğun ixtisasının artırılmasını, ilkin və yenidən hazırlığını təşkil edən Polis Akademiyasında inşa edilib.
Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə qısa zaman ərzində tikilmiş yataqxana zəruri mebel və avandanlıqlarla təchiz edilib.
Polisin xalqa xidmət funksiyalarının icrasını daha səmərəli həyata keçirməsi üçün şəxsi heyətinin professional səviyyəsini yüksəltmək, hər bir əməkdaşa peşə keyfiyyətləri, ekstremal şəraitdə düzgün qərar qəbul etmək bacarığı aşılamaq, gənc əməkdaşların və mütəxəssislərin daxili işlər orqanlarında xidmətə adaptasiyasını təmin etmək daim diqqətdə olan məsələlərdəndir.
Nazirliyin yeni inşa edilmiş Təlim-Tədris Mərkəzində məhz qeyd edilən istiqamətlər üzrə ixtisasartırma kursları təşkil ediləcəkdir.
Burada, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi, insan haqlarının müdafiəsi sahəsində qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələr, ən başlıcası fəaliyyətin, vətəndaş-polis münasibətlərinin inkişafı və bu əsasda məmnunluğun təmin edilməsi kimi mühüm məqsədlər üzərində qurulmasının yolları, forma və metodları tədris olunacaqdır.
Müasir dövrün təhdid və çağırışlarının, həmçinin innovasiyaların inkişafının və tətbiqinin sürətlə genişlənməsinə paralel olaraq internet şəbəkələrdən və informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqazidd əməllərin dinamikasında da artım müşahidə olunur.
Mövcud vəziyyətdə hər bir şəxsin qanuni mənafeyinin, əmlakının, mülkiyyətinin etibarlı qorunması, kiberməkanda törədilən cinayətlərin, xüsusən narkotiklərin onlayn dövriyyəsinin, dələduzluqların, bank kartlarından pul vəsaitlərini talamaların qarşısının alınması və açılması, həmin əməllərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası polisin başlıca vəzifələri olaraq yerinə yetirilir.
Bu növ cinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.
Vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən inzibati binalardan biri də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsidir.
Müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülüb, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb.