İsmayıllı rayonu ərazisində yerləşən Basqal qəsəbəsində iki il bundan öncə yenilənən asfalt yolda çatlar əmələ gəlib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sözügedən avtomobil yolunda irili-xırdalı çatlar əmələ gəlib. Bu da nəqliyyat vasitələrinin hərəkətinə qismən problem yaradır və çatlar dərinləşməkdə davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yol 2021-ci ildə yenidən qurulub:
“Layihənin uzunluğu 25 kilometrdir. Yol üzərində cəmi bir-neçə nöqtədə sürüşmə əraziləri mövcuddur. Həmin ərazilər agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır, qabaqlayıcı tədbirlər görülür. Gediş-gəlişdə hər-hansı bir problem yaşanmır. Hava şəraitinə görə yaxın müddət ərzində həmin nöqtələrdə təmir işləri aparılacaq”.