“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun rəhbərlik etdiyi mətbu orqanın maliyyə çətinliyi ilə üzləşməsi barədə açıqlamaları erməni mediasının əsas xəbərlərindən biri olub.
KONKRET.az xəbər verir ki, Ermənistanın populyar saytlarından biri olan news.am saytı “Azərbaycan” dövlət qəzeti maliyyə çatışmazlığı səbəbindən bağlanır” başlıqlı xəbəri həvəslə dərc edib.
Sayt qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqova istinadən yazır ki, sistemli şəkildə pul ayrılmasa, “Azərbaycan” qəzeti fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, erməni nəşri əhəmiyyətsiz hesab etdiyi məlumatı tirajlamır. Əgər Azərbaycanın dövlət qəzetlərindən biri olan mətbu orqanın bağlanması əsas xəbər kimi erməni saytında təqdim edilirsə, bu, əlbəttə, Sadıqovun “xüsusi xidməti” sayəsində mümkün olub.
Əslində belə açıqlama verməklə Sadıqov təkcə dövləti şantaj etmir, paralel olaraq düşmən ölkədə mühüm dövlət qəzetlərindən birinin miskin duruma düşdüyünü qabardır. Bununla da erməni təbliğatı daxili auditoriyasına Sadıqov kimilərinin açıqlamalarını təqdim etməklə Azərbaycan mediasının guya düşdüyü ağır durumdan danışır.
Yeri gəlmişkən, xatırladaq ki, yerli mediada qəzetin baş redaktoru tənqid edilərkən, radikal müxalifətin əsas ruporu olan “Azadlıq” qəzeti də 22 ilin əbədi baş redaktorunu müdaifə etmişdi. “Rəsmi qəzetin baş redaktoru niyə rəsmi şantaj hədəfinə çevrilib?” sərlövhəli yazıda Prezident Administrasiyası, Milli Məclis, Medianın İnkişafı Agentliyi hədəf alınır, Bəxtiyar Sadıqov haqqında yazan jurnalistlər Prezident Aparatından tezis, Medianın İnşikafı Agentliyindən pul almaqda ittiham edilirdi. İddiaya baxın: “Sanki Azərbaycanda Ramiz Mehdiyevin dövründə işləyən, onun tapşırıqlarını yerinə yetirən ancaq Sadıqov imiş, sanki özləri Mehdiyevin şinelindən çıxmayıblarmış”.
“Azərbaycanın bütün qəzetləri hakimiyyətin əvvəllər bilərəkdən indiki “kreativ”lərinsə bilməyərəkdən səriştəsizcəsinə apardıqları media siyasəti nəticəsində ictimai etimadı itirməklə yanaşı, həm də dilənçi gününə düşüblər. Yəni əsl niyyət başqadır, qara qızın dərdi var”. “Azadlıq” qəzeti iddia edir ki, guya əldə etdikləri məlumata görə “dava iki milyon manatı aşan büdcəyə malik qəzeti ələ keçirməkdir”.
Guya “Azərbaycan” qəzetinin artıq rəsmən bankrot duruma salındığı və Novruz bayramı ərəfəsində işçilərinin maaşını ödəmək imkanı olmadığı iddia olunur.
O vaxt KONKRET.az olaraq yazmışdıq ki, “Azərbaycan” qəzetinin baş redaktoru, uzun illərdir YAP-ın deputat mandatını daşıyan Bəxtiyar Sadıqovun müdafiəsinə radikal müxalifətin qalxması çox mətləblərdən xəbər verir. Çox güman ki, bu, xaricdəki söyüş blogerlərinin ölkənin içindəki əsas informasiya qaynağının sıradan çıxarılması əndişəsindən də irəli gələ bilər.
Çox maraqlıdır ki, “Azərbaycan” qəzetinin baş redaktorunun açıqlaması erməni saytında da eyni həvəslə dərc edilir, sanki Bəxtiyar Sadıqovun harayı erməni cəmiyyətinə də çatdırılır.
Hesab edirik ki, dövlətin müvafiq strukturlarını şantaj edən baş redaktor haqqında ciddi ölçü götürülməlidir. Əks təqdirdə biz daha ağrılı vəziyyətlə üz-üzə qala bilərik.