Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bəxtiyar Sadıqovun DAVASI - "Pulumu verin!" - Baş redaktor BİTDİ

Həşəmətli və qalmaqallı baş redaktor Bəxtiyar Sadıqov yenə “gül vurub”. 22 ildən çoxdur ki, “Azərbaycan” qəzetinə rəhbərlik edən deputat bildirib ki, hər il qəzetə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir.

Sosial şəbəkələrdə həmkarlarım Sadıqovun bu açıqlamasını təəccüblə qarşılayıblar. Çünki artıq neçə ildir ki, mətbuatda ən çox tənqid olunan baş redaktor ən azından KONKRET.az-ın tutarlı faktlarla araşdırdığı materialdan sonra istefa verməli idi. O həmin məqalədir ki, “Azərbaycan” qəzetinin illərdir copy-paste yazıları verdiyini dəlillərlə sübut edib. Bəxtiyar Sadıqov isə istefa vermək əvəzinə hələ də dirəniş göstərir, bu azmış kimi maliyyə yardımı üçün Milli Məclislə davaya çıxıb. Amma aldığı cavab onu qane etmədiyi üçün əsl şantaja keçib: “Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir”.

Belə yerdə əlimiz üzümüzdə qalmasın, neyləsin?! Ənənəvi sovet qəzetçiliyi tərzini israrla davam etdirən Sadıqov hansı məntiqlə belə danışır. Sən nə vaxt maraqlı qəzet buraxdın ki, “Azərbaycan” qəzetinə abunə azalmaq əvəzinə çoxaldı? Özün də etiraf edirsən ki, “Hazırda abunə təxminən 5 minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir”.

Cənab Sadıqov nə tez yadından çıxardı ki, rəhbərlik etdiyi bu illər ərzində “Azərbaycan” qəzetinin nüfuzunu necə yerlə yeksan edib. Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin əksəriyyəti plagiat, oğurluq olub. Belə bir qəzetə abunə sayı necə arta bilər, cənab Sadıqov?

Maraqlıdır, abunə sayını artıra, qəzetin müstəqil maliyyələşməsini təmin edə bilmirsinizsə, guya 1,5 milyon manat əldə etsəniz, regional səviyyəli mətbu orqanmı buraxacaqsınız? Ay-hay, inanan daşa dönsün.

Sosial şəbəkələrdə həmkarlarımdan birinin yazdığı kimi, deyəsən, siz ya yarımçıq qalan tikilinizi başa çatdıra bilmirsiniz, ya da milyon yarım maliyyəni əldə edib başqa istiqamətə yönəldəcəksiniz. Sizin öz cavabınız isə bəllidir: bu pula müxtəlif başlıq altında və ya müxtəlif şəxslərin imzası ilə yenidən çap olunan məqalə üçün “qonorar verəcəksiniz”. Çox mötəbər həmkarımın dediyi söz yadıma düşdü. Artıq Bəxtiyar Sadıqovu və ona oxşar qələm adamlarını Allaha tapşırmışam. Çünki belələrinin plagiatçılıq missiyası artıq heç kimə lazım deyil.

XXI əsrdə sovet düşüncəli qəzet buraxmağa davam edən, 22 ilin əbədi baş redaktoru Bəxtiyar Sadıqovun sözü çoxdan qurtarıb. Elə sözü qurtardığına görə də şantaja keçir, qəzetinin çapının dayanacağını bildirir. Bir qədər də irəli gedərək qəzetdə işləyən 65 yaradıcı və texniki işçinin “halına ağlayır”.

Sözün düzü, mən bu açıqlamada baş redaktorun payızını gördüm. Son nəfəsini hiss etdim, bitib-tükəndiyini, saralıb-solduğunu fərq etdim. Çünki o batmaqda olan adını qəzetlə birgə dəfn etmək istəyir. Buna da nail olur. Görəsən, Milli Məclis rəhbərliyi Sadıqovun son nəfəsində “Azərbaycan” qəzetini bağlanmaqdan qoruya, onu “bəxtiyarizm”dən xilas edə biləcəkmi?

Yazının sonunu Bəxtiyar Sadıqov haqqında yazdığım bir məqalə ilə bitirmək istəyirəm: “Həqiqəti hər hansı bir rəngdə deyil, çalarlarda axtarmaq lazımdır”. Bu qədim Şərq məsəli istənilən mövzuda həqiqəti axtaranlar üçün bir düstur ola bilər. Əgər söhbət hansısa şəxsdən gedirsə, onda burada digər qəliblər də əhəmiyyətli rol oynayır. O qəlib sözlərdən biri XVII əsr ispan yazıçısı Baltasar Qrasianın insan şəxsiyyətinin mahiyyətini düppədüz təyin edən qızıl kəlamlarıdır: “İnsanın dəyəri başqalarının onu qiymətləndirdiyi dəyərindədir”.

Media cameəsində də belədir. Uzun illər çalışan qələm adamlarına, jurnalistlərə verəcəyimiz qiymət onun əməlləri ilə bağlıdır. Bir də ki, başqalarının ona verdiyi dəyərlərdən gələn qənaət. Belələrindən biri də Bəxtiyar Sadıqovdur. O Bəxtiyar ki, birdəfəlik getmək əvəzinə hələ də pul davası döyür.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də