Həftəsonu “Kəpəz” klubunun İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Tərlan Əhmədovu əvəzləyən mütəxəssislə 1+1 illik müqavilə imzalanacaq. Məmmədov ötən mövsüm "Səbail"in məşqçilər korpusunda yer alıb, Şahin Diniyevin köməkçisi olub.
Fanat.Az-a açıqlama verən Diniyev Azər Məmmədovun gedişinə münasibət bildirib: "Azər Məmmədov yaxşı məşqçidir, yaxşı köməkçim idi. Amma yolunu kəsmək olmazdı. Təbii ki, halallıq aldı. Halallıq deyəndə, zəng vurdu, icazə aldı və sağollaşdı. Yenə deyirəm, qarşısını kəsmək düzgün deyil, yerli məşqçimizdi, inkişaf etməlidir. Şadam ki, mənim məşqçi korpusumun üzvü premyer liqa klubunda baş məşqçi oldu".
Bəs Məmmədovu məşqçi heyətində kim əvəzləyəcək? Diniyev məsələyə belə aydınlıq gətirib: "Ayrılıq qəfil alındı, gözlənilməz oldu. Ona görə hələ qərar verməmişəm. İyunun 15-dən sonra yeni köməkçi ilə bağlı seçimimi bildirəcəm".