Gədəbəy rayonunda 2004-cü il təvəllüdlü Qulu şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Paşanı (adlar şərti verilib - red.) bıçaqlayıb.
Hadisə Gədəbəy rayonunun kəndində baş verib. Qulu bacısının qaçırılması, bakirə olmadığı üçün isə bir gün sonra evlərinə qaytarılması barədə həmkəndlisi Paşanın söz-söhbət yaydığını öyrənib.
Qulu bundan əsəbiləşib və qisas almaq məqsədilə yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla Paşanın olduğu torpaq sahəsinə gəlib. Paşanın belində dərman aparatı ilə kartof bitkisini dərmanladığını görüb. Paşaya yaxınlaşaraq yumruqla onun ağız nahiyəsindən vuraraq ona xəsarət yetirib. Sonra bıçaqla qarın nahiyəsinə vurub.
"Bacım qayıtmaqdan imtina etdi"
Hadisəni törədən Qulunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qulu elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, kənddə atası, anası və nənəsi ilə birlikdə yaşayır: "Paşa və onun ailə üzvləri ilə həmkəndli kimi münasibətlərimiz həmişə yaxşı olub. Bacım Firuzə valideyinlərimdən icazəsiz ailə qurmaq məqsədilə qonşu kənd sakini Amilə qoşularaq getdi. Atam Əli rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Firuzənin evimizə qaytarılmasını tələb etsə də, bacım qayıtmaqdan imtina etdi".
"Sən necə qardaşsan ki, bacın..."
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti gün yaşadığı evdən bir qədər aralı məsafədən axan çaya qazları sulamağa aparıb: "Çay kənarına çatanda Paşa ilə təsadüfən rastlaşdım. O mənə "sən necə qardaşsan ki, bacın Firuzə əxlaqsızdır, ərə gedib pozğun olduğuna görə geri qatarıblar, kəndə gəlib fahişəlik eliyəcək" dedi.
Mən isə cavab verdim ki, bacım ərə gedib və evimizə qayıtmayıb, bu nə sözdür danışırsan? Bundan sonra ondan ayrılaraq öz evimizə getdim".
"Bakirə çıxmayıb"
Təqsirləndirilən şəxs qeyd edib ki, atası, anası və nənəsi evlərində olarkən dayısı Daşqın onlara gəlib: "Atamı avtomobilinə mindirərək meşə istiqamətinə getdilər. Mən də onların arxasınca piyada getdim. Yaxınlıqda durub onların danışıqlarına qulaq asdım.
Həmin vaxt dayım atama Firuzənin barəsində danışırdı. Bacımın ərə gedərkən bir günün içərisində geri qayıtdığını, gəzəyən olduğu üçün bakirə çıxmadığını dediyini eşitdim, bundan sonra evimizə qayıtdım.
Mətbəxdən qara rəngli gündəlik istifadə etdiyimiz bıçağı götürdüm və belimə qoyaraq Paşanın yaşadığı evin həyətinə getdim. Məqsədim onu qorxutmaq idi. Həyat yoldaşı Sevildən Paşanın harada olduğunu soruşdum. Sevil Paşanın kartof dərmanlamağa getdiyini dedi".
"Əlbəyaxa olduq"
Təqsirləndirilən şəxs bildirib ki, piyada kəndin yaşayış yerini çıxandan sonra bıçağı corabın boğazından çıxarıb və əlində tutub: "Kartof sahəsində Paşanı yanıma çağırdım. Belində dərman aparatı yanıma gəldi. Saat təxminən 18 radələri idi.
Paşaya təhqiramiz sözlər dedim, bıçaqla vurmaq istəmədiyim üçün yanıma çatmamış bıçağı şalvarımın bel hissəsinə qoydum. Ona "sən kimsən mənim bacımın ünvanına artıq-əskik danışırsan" dedim. Yumruqla onun sifətindən, təpiklə qılçasından vurdum. Biz əlbəyaxa olduq".
"Etiraf etdim"
Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt dayısı gələrək onlara çatıb: "Dayım Paşa ilə əlbəyaxa olduğumu gördü, aramıza girərək bizi ayırdı. Bir əli ilə mənim, digər əli ilə isə Paşanın qolundan tutdu.
Bu vaxt belimə qoyduğum bıçağı sol əlimlə çıxardım və Paşanın qarın nahiyəsindən bir dəfə vurdum. Onun qarınından qan axdığını gördüm, qorxaraq qaça-qaça evimizə getdim. Bıçağı isə həyətimizə tulladım.
Bundan 1-2 saat sonra polis əməkdaşları evimizə gəldi. Məndən hadisə törədib-törətmədiyimi soruşdular. Bıçaqla Paşanın vurduğumu etiraf etdim. Məni polis şöbəsinə dəvət etdikləri üçün onların avtomobilinə mindim və polis şöbəsinə getdim".
"Təhqiramiz söyüşlər işlətdi"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Paşanın sözlərinə görə, hadisə günü təxminən 16.30-da qonşusu Vüsal "VAZ 21074" markalı avtomobilində onu kartof əkib becərdiyi sahəyə aparıb: "Orada kartofu dərmanlayırdım. Vüsal yeni cərrahiyyə əməliyyatından gəldiyinə görə mənə kömək edə bilmədiyindən yanımda dayandı, mənimlə söhbət etdi.
Həmin vaxt təsadüfən yaxınlıqda yaşayan həmkəndlim Daşqın bizə yaxınlaşaraq salamlaşdı. Söhbət zamanı qoxudan spirtli içki qəbul etməsini hiss etdim. Söhbət əsnasında Daşqına bildirdim ki, deyirlər, Əlinin qızı Firuzəni evlənmək məqsədilə aparıblar, amma Əli şikayət edərək qızını qaytarıb. Bu xəbəri eşidən kimi Daşqın Əlinin və onun ailə üzvlərinin ünvanlarına təhqiramiz söyüşlər işlətdi. Oradan evinə getdi və sonra "UAZ" markalı avtomobilini Əlinin yaşadığı ev istiqamətinə sürdü".
"Dedi ki, ərə getdiyi evdədir"
Paşa qeyd edib ki, təxminən 30 dəqiqə sonra Daşqın qayıdaraq evinə gəlib: "Evində dayanmadı, mənim yanıma gələrək avtomobilini saxladı. Məni çağırdığı üçün ona yaxınlaşdım. Daşqın və digər qohumları maşından düşdülər. Onlardan biri mənə qarşı kobudluq edərək məftil hasardan yanıma keçmək istəsə də, Daşqın ona imkan vermədi.
Daşqın mənə irad tutdu, "Əlinin qızı barədə nə səbəbə yalan danışmısan, Firuzə ərə gedəndən sonra evlərinə qayıtmayıb və getdiyi evdədir" dedi. Hətta mənə "pozğun qadınlar bizim yox, sənin nəslindədir" deyə söylədi. Sonra onlar maşına minib getdilər".
"Bacısı oğluna "təpiklə vur, get" dedi"
Zərərçəkmiş şəxs deyib ki, bundan təxminən 10-15 dəqiqə keçmiş Qulu dayısı Daşqının evinin yaxınlığında onu çağıra-çağıra, həm də söyə-söyə yanına gəlib: "Məndən "bacım Firuzə haqqında nə danışmısan?" deyə soruşdu. Cavab verdim ki, sən hələ uşaqsan, bacın haqqında heç nə danışmamışam.
Həmin vaxt Qulunun sağ əlində bıçaq da oldum. Sol əlimlə Qulunun bıçaq olan sağ əlindən tutdum. Ona yenə də dedim ki, sən uşaqsan, get işinlə ol.
Biz süpürləşərkən Daşqın qaça-qaça gəldi və məni tutdu. Onun arxasınca digər iki qohumu da gəldi. Daşqın məni tutdu və bacısı oğlu Quluya dedi ki, dalaşmayıb getsin.
Qulu isə məndən əl çəkmir, oradan-buradan hücuma keçirdi. Bu vaxt Daşqın bacısı oğluna "ayə yaxşı, yalan danışıb, təpiklə vur, get" dedi.
Bu zaman Qulu ayağıma vurdu və bir anda qarınımın istiləşdiyini hiss etdim. Yəni yumruqla ağzımdan vurulandan sonra qarnım istiləşdiyi üçün baxdıqda, qarın nahiyəmdən bıçaqla vurulduğunu bildim.
Qulu məni bıçaqla vurduqdan sonra Daşqın da onu təpiklə vurdu. Qulu qaçaraq getdi. Hətta Daşqın bacısı oğlunu vurmaq üçün arxasınca daş da atdı".
Zərərçəkmiş qeyd edib ki, Daşqın onun kürək nahiyəsində olan dərman aparatını çıxarıb: "Əli ilə yaramın üstündən tutdu ki, qanım çox axmasın. Daha sonra məni öz avtomobilinə mindirdi və Gədəbəy rayon mərkəzi xəstəxanasına gətirdi. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məni təcili yardımla Gəncə şəhər xəstəxanasına apardılar".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Qulunun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.
Milli.Az