Gəncədə bəzi ərazilərdə piyadaların təhlükəsiz hərəkəti təmin edilməyib. Bu haqda Gencexeber.az-a məlumat daxil olub.
Söhbət şəhərin Anubət Nəzərli və Azərbaycan bayrağı (keçmiş Tağı Aranı) küçələrinin kəsişməsindən və “Totanlının dairəsi” adlanan ərazidən gedir. Birinci ərazidə sakinlər tərəfindən çox istifadə olunan “Gold Əminə” market yerləşir. Bundan başqa, yaxınlıqda tibb müəssisəsi də var. Ərazidə bir sıra yaşayış binaları tikilib.
Lakin sakinlərin yolu digər tərəfə təhlükəsiz keçməsi üçün nə işıqfor, nə də piyada zolağı çəkilməyib. Bu hal piyadaları narahat edir və onlar üçün çətinlik yaradır. Sakinlər ərazidə müvafiq nişanların qoyulmasını arzu edirlər.
İkinci ərazidə üç küçə – Bağmanlar, İsmət Qayıbov və Totanlı kəsişir. Burada dairə yerləşir. Ərazidə avtomobillər sıx hərəkət edir. Yaxınlıqda bir neçə market, aptek, xəstəxana və s. obyektlər yerləşir. Bu ərazidə də piyada zolağının olmaması piyadalar üçün çətinliklər yaradır.
“Küçələr enlidir, maşın da çox keçir. Yolu keçmək üçün xeyli gözləməli oluruq. Bəzi hallarda sürücülər sürəti azaltmırlar, yol vermirlər. Ərazidə müvafiq tədbirlər görülsə, məmnun olarıq”, – deyə sakinlər bildirirlər.