Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev 2018-ci ildə 8 milyard manat olan leqal əmək haqqı fondunun hazırda 18 milyard manata yüksəldiyini açıqlayıb.
O, eyni zamanda, bu il orta aylıq əmək haqqının 1000 manata yaxınlaşacağının proqnozlaşdırıldığını da qeyd edib.
Bəs, qarşıdakı aylarda əmək haqlarında artım müşahidə olunacaqmı? Bu artım daha çox hansı sahələri əhatə edə bilər?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib.
Onun sözlərinə görə, bu il əmək fondunun həcmi artsa da, pulun alıcılıq qabiliyyəti əvvəlki illərə nisbətdə aşağıdır:
“Azərbaycanda 2022-ci ildə orta aylıq əmək haqqı 14.7 faiz artaraq 840 manat olub. Bu ilin birinci rübündə isə 11.4 artaraq 900 manat olub. Düzdür, əmək fondunda 18 milyarda yaxın vəsait var. Lakin bu dövrdə Azərbaycanda ciddi inflyasiya da müşahidə olunur. Yəni, pulun alıcılıq qabiliyyəti 2018-ci ildəki kimi deyil”.
Bununla belə, iqtisadçı Azərbaycanda əmək haqqı artımlarının olacağını mümkün hesab edir:
“Azərbaycanda əmək haqqının artımı müşahidə olunacaq. Ölkədə ciddi inflyasiya var və bu, hələ də davam edir. İlin əvvəlində minimum əmək haqqı artıb. Növbəti ilin əvvəlində də minimum aylıq əmək haqqının artacağı gözlənilir. Həmçinin, ölkədə şəffaflaşdırma həyata keçirilir. Minimum əmək haqqının artırılması da şəffaflaşmaya kömək edir. Həmin məbləğdən aşağı maaş verilmədiyinəə görə, şəffaflaşmadan yayınmaq olmur. Orta aylıq əmək haqqının 1000 manata yaxın olmasının isə bu il yox, 2024-cü ildə həyata keçəcəyini düşünürəm. Çünki hazırda bu göstərici 901 manatdır. Növbəti artımda isə bu 950 manatı keçməyəcək”.
X.Kərimli sonda qiymət artımının daha çox müşahidə olunduğu sahələri də qeyd edib:
"Əmək haqlarının artımı dövlət və özəl sektora da təsir edir. Lakin statistikayua baxdıqda, bəzi sahələrdə yüksək əmək haqqı olduğunu müşahidə edirik. Gəliri çox olan, şəffaflaşma gedən sahələrdə daha çox əmək haqqı artımı olacaq. Hazırda ən çox əmək haqqı mədən sənayesi (neft, qaz, qızıl çıxarma və. ), maliyyə sahəsi və informasiya-rabitə sektorundadır. Ona görə də faiz artımı bu sahələrdə daha yüksək rəqəmlərə gətirib çıxarır. Məsələn, 500 manatın 10 faizlik artımı 50-60 manat təşkil edir. 3 min manatın 10 faizi isə 200-400 manat olur”./Bakupost.az