Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kapitoli təpəsindəki hündür bina - 220 ildir ki, ABŞ oradan, Konqresdən idarə olunur






Son günlər dünyanın diqqəti Amerika Birləşmiş Ştatlarının Konqresinə yönəlib. Konqresin fəaliyyət göstərdiyi Kapitoli kompleksinə hücum dünyanın aparıcı kütləvi informasiya vasitələrində əsas mövzuya çevrilib. Əslində Kapitoli həmişə maraq mərkəzində olub, heç vaxt siyasi dəbdən düşməyib.

Dünyanın gedişatına təsir edəcək qanunların qəbul edildiyi Kapitoli kompleksi haqqında nələri bilirik? Musavat.com mövzu ilə bağlı ən maraqlı faktları təqdim edir:

1. Kapitoli binasının ilk təməl daşı 18 sentyabr 1973-cü ildə Corc Vaşinqton tərəfindən qoyulub.

2. 7 ildən sonra, 1800-cü ildə inşası tam başa çatmamış binada Konqres fəaliyyətə başlayıb.

3. Kapitolinin inşası zamanı tikinti üçün maliyyə, tikinti materialları və işçi qüvvəsi catışmazlığı yaranıb. Bu səbəbdən də binanın fundamentinin qoyulmasına 36 ay sərf edilib.

4. Böyük Britaniya ilə ABŞ arasında gedən müharibə zamanı, 1814-cü ildə Kapitoli binası yandırılıb. Yanğından sonra bərpa işlərinə 5 il vaxt sərf olunub.

5. 1820-1827-ci illərdə Konqres binasında tikinti işləri davam etdirilib. Binanın sağ və sol hissələri birləşdirilib. Orta hissədə gümbəzin quraşdırılması ilə sağ və sol tikililərin daxildən keçidi mümkünləşib.

6. Kapitoli gümbəzinin çəkisi 4 min tondur.

7. Gümbəz əvvəlcə taxta materildan hazırlanıb, sonra onu çuqunla əvəzləyiblər.

8. Kapitolinin birinci arxitektoru Uilyam Tronton olub. Tikinti işlərinə 7 il Tronton başçılıq edib.

9. Kapitoli binasına su xətti 1834-cü ildə çəkilib.

10. Bina 1844-cü ildə qaz və elektriklə təchiz edilib.

11. 1863-cü ildə Kapitoli gümbəzinin üstündə hündürlüyü 6 metr olan Azadlıq heykəli ucaldılıb.

12. Kapitoli binasının hündürlüyü 88 metrdir. 1910-cu ildə çıxarılan qərara görə Vaşinqtonda Kapitoli binasından hündür hər hansı bir tikilinin inşasına icazəyə qadağa qoyulub.

13. Maraqlı faktlardan biri odur ki, Vaşinqtonda Kapitoli binasının hündürlük rekordunu saxlamasına ciddi diqqət yetirilib. Avraam Linkolnun abidəsi hazırlananda onun hündürlüyü binanın hündürlüyündən uzun olub. Abidənin memarı problemi aradan qaldırmaq üçün məcbur qalaraq Linkolnu kresloya “əyləşdirib”.

14. Kapitoli kompleksində Konqreslə yanaşı Ali Məhkəmə, Konqres kitabxanası, botanika bağı, muzey, turizm mərkəzi də yerləşir.

15. Konqres kitabxanası dünyanın ən böyük kitabxanası sayılır (bəzi mənbələrə görə Britaniya milli kitabxanası daha böyükdür). Bu kitabxanada 470 dildə 30 milyondan artıq kitab, milyondan artıq dünyanın müxtəlif ölkələrinin mətbu orqanları, 6 milyon əlyazma, 5 milyona yaxın xəritə, 12 milyon şəkil və s. saxlanılır. İl ərzində kitabxanadan istifadə edənlərin sayı 2 milyona yaxın olur. Kitabxanada 3600 nəfər çalışır.

16. Kapitoli kompleksində 540 otaq var.

17. Binanın cənub hissəsində Nümayəndələr palatası, şimal hissəsində Senat fəaliyyət göstərir.

18. Kompleksin ərazisində 53 hektar sahədə park salınıb.

19. Kapitoli binası haqqında əfsanələr bu gün də dolaşmaqdadır. Bir çox amerikalılar binanı ruhlar məkanı adlandırılar. Onların qənaətinə görə, vəfat etmiş ABŞ prezidentlərin ruhları Kapitoli binasında dolaşır.

20. 1800-cü ildə Kapitoli binasından siçovulları təmizləmək üçün binaya pişiklər buraxılıb. Pişiklər öz işlərini qurtardıqdan sonra onları çıxarıblar. Saya görə pişiklərdən biri binada qalıb. Tapılmayan bu pişiyin binada qalması da müxtəlif şayiə və əfsanələrə səbəb olub.

21. 2008-ci ildə Kapitolidə turizm mərkəzi fəaliyyətə başlayıb. Kompleksi turist kimi gəzmək ödənişsizdir. Turistlər binanın girişində ciddi yoxlanılırlar. İçəriyə hətta adi su ilə daxil olmaq qadağandır. Kapitolidə ekskursiya 13 dəqiqəlik tanışlıq filmi ilə başlayır.

22. Kapitoli kompleksində milli heykəl zalı da fəaliyyət göstərir. Burada 100 görkəmli ABŞ vətəndaşının heykəlləri sərgilənib.

23. ABŞ-da yeni seçilmiş prezidentlərin inauqurasiya mərasimləri Kapitolinin qərb terrasında keçirilir.

24. 2001-ci il 11 sentyabr hadisələrində terrorçuların əsas hədəflərindən biri də Kapitoli binası olub.

25. Binanın sağ və sol hissəsini birləşdirən dairəvi qalareya Rotondo adlandırılır. Bura turistlərin ən çox ziyarət etdiyi yerdir. Rotondoda ABŞ tarixini əks etdirən sənədlərin tabloları, ABŞ tarixində xüsusi xidmətləri olan prezdentlərin heykəlləri maraqla qarşılanır.

Amerikalılar arasında belə bir deyim var: “Vaşinqtonda Kapitolidən yüksək heç nə ola bilməz. Çünki o, azadlığın simvoludur. Amerikada isə azadlıqdan yüksək heç bir dəyər ola bilməz”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də