Yeni nəqliyyat növü olan skuterlər artıq həyatımıza daxil olub. Avtomobil yollarında, piyada səkilərində skuterlə hərəkət edənlərə tez-tez rast gəlinir. Bir çoxları səkilərdə skuter sürməyin piyadalar üçüm, avtomobil yolunda sürməyin isə skuter idarə edənlər üçün təhlükəli olduğunu deyir. Ancaq bu nəqliyyat növünün hərəkəti üçün Bakı şəhərində ayrıca yol yoxdur. Bəs skuterlə hərəkət edənlər onu harada sürməlidir?
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, skuterlərlə bağlı qanunvericilik məsələsinə baxmaq lazımdır. Ekspert təklif edir ki, artıq konkret qanun, qayda müəyyənləşdirilməlidir:
“Skuterlər idaə edənlərə də velosipedçinin hüquq və vəzifələri ilə eyni hüquq və vəzifələr şamil edilməli, eyni məsuliyyət nəzərdə tutulmalıdır. Onların hərəkət troektoriyası, hərəkət qaydaları müəyyənləşdirilməlidir. Yaş həddi müəyyənləşdirilməlidir.
Bundan sonra onlara nəzarət həyata keçirilməlidir. Hesab edirəm ki, bununla bağlı ciddi düşünmək lazımdır. Çünki zamanla skuter sürənlərin sayı daha da artacaq.
Düzdür, maşın yoluna çıxmaq təhlükəlidir, ona görə də skuter sürənlər çıxıb səkidə hərəkət edir. Onda da deyirlər piyadaya mane olur. Amma bu bir nəqliyyat növüdür, bəs bunun hərəkəti necə olmalıdır?
Bu sualın cavabı tapılmalıdır. Mən hesab edirəm ki, onların yaş həddini müəyyənləşdirmək lazımdı. Texniki vəziyyəti yaxşı olan skuterləri ümumi istifadədə olan yollarda sürülməlidir. Məsələyə bu cür baxılımalıdır”.