Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus COVID-19-dan daha təhlükəli ola biləcək yeni ölümcül pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.
O, bu barədə ÜST-nin Cenevrədə keçirilən illik assambleyasında bildirib.
“Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir (COVID) variantının təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin təhlükəsi də qalmaqdadır”, – Qebreyesus bildirib.
Bununla əlaqədar ÜST rəhbəri bütün dünyanı gələcəkdə bu təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb. “Reuters“in məlumatına görə, 2024-cü ilin mayında ÜST-ə üzv ölkələr “dünyanın yeni patogenlərə qarşı müdafiəsini gücləndirməyə” yönəlmiş pandemiya ilə mübarizə üçün yeni qaydaları qəbul etməli olacaqlar.
Mayın əvvəlində ÜST 2020-ci ildə elan edilmiş qlobal COVID-19 pandemiyasının statusunu ləğv edib. O vaxtdan bəri təşkilatın məlumatına görə, təxminən 20 milyon insan koronavirusdan ölüb, rəsmi ölüm sayı isə təxminən 7 milyondur.