“Polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində müvafiq müraciətlər hazırlanır və bu, aidiyyəti qurumlara göndəriləcək. Bundan sonra vətəndaşlar üçün də müraciətlər olacaq”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, eyni zamanda, qaynar xətt də olacaq.
Onun sözlərinə görə, bir çox insanlar polietilen torbalarla bağlı dəyişiklikdə maraqlı deyil:
“Onlar alış-veriş etdikləri yerdə onlara hansı qalınlıqda torba verilməsi ilə maraqlanmırlar. Bu məsələ market sahiblərinin marağında olmalıdır.
Ən azından başa düşməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər. Həmin cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidir”.