Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsi məqsədilə “Nar” İT ixtisası üzrə
təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Proqrama seçilən tələbələr “Nar”ın mobil
rabitə şəbəkəsinə nəzarət edən peşəkar texniki heyətlə birgə çalışmaq və karyeralarını artıq
indidən qurmaq imkanı əldə edir.
May ayının sonunadək davam edəcək proqram çərçivəsində 27 tələbə Şəbəkə texnologiyaları
departamentində təcrübə keçir. Bu tələbələr Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya
və telekommunikasiya texnologiyaları fakültəsində təhsil alırlar.
Qeyd edək ki, korporativ sosial məsuliyyət siyasətinin təhsilə dəstək istiqamətinə uyğun olaraq,
“Nar” AzTU ilə uzunmüddətli əməkdaşlıq qurub. Əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM
laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər
keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün
xidmət təqdim edir.