Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
RegionTV.info-nun məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) üz-üzə gələcək.
74 kq-dakı Cəbrayıl Qadjiyev eyni raundda Simon Marklın (Avstriya) müqavimətini qırmağa çalışacaq.
86 kq-dakı Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa) cütünün qalibi ilə, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail) / Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü ilə görüşəcək.
Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.
Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
65 kq-dakı Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-dakı Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.