Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi yaxın günlərdə İsrailə səfər edəcək.
RegionTV.info xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti bildirib.
Bildirilib ki, İran İslam İnqilabından əvvəl vəliəhd şahzadə titulu daşıyan xarici qonağı İsrailin kəşfiyyat naziri Gila Qamliel qəbul edəcək.
Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək.
Bundan başqa, İsraildə olduğu müddətdə o, yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirməyi, İsrailin sutəmizləmə texnologiyaları ilə tanış olmağı, Qüdsdəki Ağlama Divarını ziyarət etməyi, İsrailə köçmüş İran yəhudiləri icması və bəhai dininin tərəfdarları ilə ünsiyyət qurmağı planlaşdırır.
Hökumətin mətbuat xidmətində qeyd edildiyi kimi, Pəhləvi “İsrailə açıq səfərlər etmiş şəxslər arasında ən yüksək rütbəli iranlı şəxs” olacaq. İsrail hakimiyyəti bu səfərin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətullah rejiminə birgə müqavimətin ifadəsi” adlandırır. Hesabatda iki dəfə qeyd olunub ki, Pəhləvi İranda “taxtın varisi”dir.